“Google” və “Facebook” manipulyasiya sistemi nəzarətdən çıxır

04 Fervral 2019 - 09:01 | Maraqlı məlumatlar
“Google” və “Facebook” manipulyasiya sistemi nəzarətdən çıxır

İT-sənayenin nəhəngləri insanların hərəkətlərini əmtəəyə çevirirlər. Onlar istifadəçinin hər addımına gizlicə nəzarət edirlər və onun davranışını idarə edirlər. İnformasiyanın toplanması və sonrakı manipulyasiya sistemi bu, yeni kapitalizmdir və onun inkişafına nəzarət etmək getdikcə çətinləşir.

nanonewsnet.ru saytının məlumatına əsasən, izləmə əsasında yaradılmış yeni biznes-modellər fenomeni haqqında Harvard biznes məktəbinin tədqiqatçısı Şoşanna Zubof məlumat verib. O, müəllifi olduğu “Nəzarət-kapitalizm əsri” adlı kitabında müasir İT-nəhənglərin iş prinsiplərindən bəhs edib.

Ekspert bildirir ki, əvvəllər insanlar razılaşdıqları sazişin şərtlərini anlayırdılar. Biz şirkətlərlə məlumatları paylaşırıq, onlar isə bizə ödənişsiz xidmət göstərirlər. Lakin zamanla vəziyyət dəyişdi. Şirkətlər yalnız məlumatları deyil, onları yaradan insanları da ödənişsiz saymağa başladılar. Artıq istifadəçinin davranışı üzərində ümumi monitorinq və nəzarət dövrü başladı. İnsan xammal mənbəyinə çevrildi.

“Əvvəl biz “Google”da axtarırdıq, indi isə “Google” bizdə axtarır. Əvvəl biz rəqəmsal xidmətləri ödənişsiz hesab edirdik, indi isə bizi ödənişsiz hesab edirlər”.

Zubofun sözlərinə görə, korporasiyalar insanın hesabına varlanırlar. Onlar insanı tədqiq edir, sonra bu məlumatlar əsasında alqoritmlər yaradırlar. Nəticədə “Google” və “Facebook” proqnozlaşdırma sistemi adı altında spekulyasiya və manipulyasiya üçün alətlər yaradırlar. Nəzarət-kapitalizm şəraitində ticarətin əsas obyekti insanın şəxsi təcrübəsi olur.

Bununla belə, istifadəçilərin əksəriyyəti İT-nəhənglərin onların maraqlarını nə qədər dərindən tədqiq etdiklərini təsəvvür belə etmirlər. Hər bir axtarış sorğusu, bəyənmə, yazı, geolokasiya, foto, video və hətta durğu işarəsi maşın təliminə əsaslanan alqoritmlərə “yedirilir”. Təəccüblü deyil ki, hətta “Facebook” və “Instagram”da yayılmağa başlayan məsum “Mən 10 il əvvəl” çağırışı da süni intellektin məşq etdirilməsi üçün sosial şəbəkələr vasitəsilə həyata keçirilən düşünülmüş gediş kimi qəbul edildi.

Onun fikrincə, istifadəçi davranışının proqnozlaşdırılması mexanizmləri biznes-modelin inkişafının növbəti mərhələsi deyil, yekun nəticədə demokratiyanı pozan kapitalist sisteminin yeni dövrüdür.

Bu şərtlərdə cəmiyyət nəzarətçilərə və nəzarət altında olanlara bölünür. Belə “biliklər asimmetriyası” “hakimiyyət asimmetriyası”na gətirib çıxarır. İnsanların əlində heç bir nəzarət vasitəsi qalmır, çünki nəzarət-kapitalizm heç bir yolla tənzimlənmir. Korporasiyaların özünütənzimləmə ilə məşğul olacağını gözləmək lazım deyil. Mövcud sistemin mühafizəsi onların yaşaması üçün əsasdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.