CERN superkollayderin tikintisinə başlayacaq

17 Yanvar 2019 - 12:00 | Maraqlı məlumatlar
CERN superkollayderin tikintisinə başlayacaq

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü yeni hissəciklər sürətləndiricisinin tikintisi ilə bağlı hesabat planını təqdim edib.

Texniki hesabatda Gələcək Dövri Kollayder (Future Circular Collider – FCC) üçün bir neçə ilkin layihə təklif edilir. Layihələrin dəyəri 9-21 milyard avro arasında dəyişir.

belta.by saytının məlumatına əsasən, yeni qurğu Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək və çevrəsinin uzunluğu təxminən 100 km təşkil edəcək. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlanması nəzərdə tutulur. 

“CERN”in əməkdaşı, italiyalı nəzəriyyəçi-fizik Can Françesko Cudisin sözlərinə görə, superkollayderin tikinti planı öz əhəmiyyətlilik dərəcəsinə görə Uran planetinə səyahətlə müqayisə oluna bilər. 2012-ci ildə Hiqqs bozonunun tarixi kəşfindən sonra Böyük Adron Kollayderində yeni hissəciklərin aşkarlanmaması daha güclü texnologiyalardan istifadəni zəruri edir.

Hazırda Böyük Adron Kollayderi dünyada ən böyük və ən güclü hissəciklər sürətləndiricisidir. Ölçüsü 27 km olan kollayder İsveçrə və Fransanın sərhədində inşa edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.