“Intel Athena” layihəsi “5G” və süni intellektli kompüterlərin yaradılmasına kömək edəcək

09 Yanvar 2019 - 15:00 | Maraqlı məlumatlar
“Intel Athena” layihəsi “5G” və süni intellektli kompüterlərin yaradılmasına kömək edəcək

“Intel” şirkəti “CES 2019” sərgisində fərdi kompüter istehsalçıları üçün yeni proqramın istifadəyə verildiyini açıqlayıb. Şirkət “5G” texnologiyasını və süni intellekti dəstəkləyən mobil fərdi kompüterləri “Athena” layihəsi çərçivəsində inkişaf etdirəcək.

3dnews.ru saytının məlumatına əsasən, proqram yeni mühitin yaradılması, süni intellekt və “5G” daxil olmaqla yeni nəsil texnologiyaların effektiv istifadəsi üçün nəzərdə tutulub.

İstehsalçı noutbukun qapağının açılması və sistemin tam işə salınması arasında vaxtı minimallaşdırmaq niyyətindədir. Bundan əlavə, gün ərzində batareya ilə iş vaxtı, qurğuların transformasiya edilən formatları, yüksək məhsuldarlıq məqsədlər siyahısına daxildir

Şirkət nümayəndələrinin sözlərinə görə, “Athena” layihəsinin sertifikasiyasına uyğun ilk qurğular 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq. Layihə çərçivəsində “Acer”, “ASUS”, “Dell”, “Google”, “HP”, “Innolux”, “Lenovo”, “Microsoft”, “Samsung” və “Sharp” kimi istehsalçılar artıq “Intel” ilə əməkdaşlığa başlayıb. Qurğuların həm “Windows”, həm də “Chrome” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.