Gələcəyin mağazaları necə olacaq?

09 Yanvar 2019 - 14:09 | Maraqlı məlumatlar
Gələcəyin mağazaları necə olacaq?

“Euromonitor International” şirkətinin “Commerce 2040” hesabatında pərakəndə satış şəbəkələrinin 21 il sonra necə olacağı barədə məlumat verilib. Ekspertlər yazırlar ki, 2040-cı ildə fiziki, başqa sözlə, adi mağazaların əksəriyyəti fəaliyyətini davam etdirəcək, lakin onlar ən qabaqcıl texnologiyalarla və müxtəlif əlavə funksiyalarla doldurulacaq.

hi-tech.mail.ru saytının məlumatına görə, yeniliklər arasında, məsələn, “soyuq zonaları”ndan söz açılıb. Belə ki, burada qış paltosu və analoji malları geyib baxmaq və onları uyğun fəsildə geyməyin rahat olub-olmayacağını anlamaq mümkün olacaq. Həmçinin mağazalarda real təbii şəraitdə, müxtəlif səthlərdə ayaqqabıların sınaqdan keçirilməsi üçün bölmələr də olacaq.

2040-cı ildə mağazalar alıcıları sifət üzrə tanımağa və onlara daha fərdiləşdirilmiş alış-veriş təklif etməyə başlayacaq. Gələcəyin mağazalarında kassalar olmayacaq, bütün ödənişlərin məbləği alıcı mağazanı tərk etdikdə avtomatik olaraq, onun kartından çıxılacaq. Hazırda bu texnologiyaların əksəriyyətindən ayrı-ayrılıqda istifadə olunur.

Mağazada virtual stilistlər alıcılar üçün geyimlər seçəcəklər, onlara rəng uyumu ilə bağlı məsləhətlər verəcəklər. Yaxın gələcəkdə isə mağazalar İnternetdə virtual geyim otaqları vasitəsilə sifarişlər etmiş şəxslərə qapılarını açacaq.

Qabaqcıl texnologiyalardan istifadə alıcıları növbə gözləməkdən, məhdud vaxt ərzində çoxlu geyimi geyib baxmaq kimi neqativ hallardan xilas etmək, həmçinin məhsulları alıcılar üçün daha əlçatan etmək və onlara məhsulları reallığa yaxınlaşdırılmış şəraitdə sınaqdan keçirmək imkanı vermək məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.