Yaşıl innovativ iqtisadiyyata keçidlə bağlı modellər işlənilir Dekabr 20, 2018 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev yaşıl iqtisadi inkişaf modelləri və mexanizmlərinin, yaşıl iqtisadiyyata keçidin makroiqtisadi modelinin işlənilməsi, bu iqtisadiyyata keçid üzrə modellərin işlənilməsinin inkişaf meyarlarının araşdırılması, yaşıl iqtisadiyyatın formalaşması və səviyyəsinin qiymətləndirilməsi barədə məlumat verdi. Məruzəçi İqtisadi Əməkaşlıq və İnkişaf Təşkilatının proqnozlarını, Beynəlxalq Energetika Agentliyinin hesablamalarını əsas gətirərək dünya neft ehtiyatları mədənlərinin 75%-nin tükəndiyini, hasilat normasının pik həddi keçdiyini, 2030-cu illərdə neft və qazın əsas enerji mənbəyi kimi ikinci plana keçəcəyini qeyd edərək, hazırkı iqtisadiyyatdan yaşıl iqtisadiyyata keçidlə bağlı müvafiq mexanizm və modellərin işlənilməli olduğunu vurğuladı.

O qeyd etdi ki, ətraf mühitə iqtisadiyyatın antropogen təsirinin azaldılması, təbii resurslardan istifadə səmərəliliyinin artırılması, infrastruktur layihələrində və istehsal proseslərində ekoloji risklərin azaldılması üzrə normativ hüquqi tənzimlənmə proseslərinin təkmilləşdirilməsi və yaşıl iqtisadi nəticələrin qiymətləndirilməsi yaşıl iqtisadiyyatın əsas inkişaf modelləri və mexanizmləridir.

Yaşıl iqtisadiyyata keçidin makroiqtisadi modelinin işlənilməsindən danışan Ə.Əliyev İsveçrənin Lunda Universitetinin tədqiqatçılarının dünyanın əsas resurslarının azalmasının yeni modelini işlədiyini qeyd etdi. O, həmçinin həmin modelin reallaşdırılması proqnozlarını təqdim edərək qeyd etdi ki, bu faktlar resursların tədricən tükənməsinin və yeni iqtisadiyyata keçilməsinin makroiqtisadi modelinin işlənilməsinə olan zərurəti göstərir.

Şöbə müdiri ətraf mühitin çirklənməsindən yaranan zərərlərin iqtisadi-sosial qiymətləndirilməsi modeli, atmosferə atılan zərərli tullantıların, su hövzələrinə axıdılan çirkab suların və atılan tullantıların, ayrı-ayrı region və istehsal sahələrinin ətraf mühitə vurduğu ziyanın qiymətləndirilməsi modelləri, yaşıl iqtisadiyyatın formalaşdırılması faktorlarının ekonometrik modelləri, bilik və İKT əsaslı yaşıl iqtisadiyyata keçidin makro-iqtisadi modelləri barədə də ətraflı məlumat verdi.

Daha sonra şöbənin əməkdaşı Leyla Əkbərova çıxış etdi. O, şöbədə yaşıl iqtisadiyyatın formalaşması və səviyyəsinin qiymətləndirilməsi, həmçinin regional yaşıl iqtisadiyyat indeksinin formalaşmasına təsir edən subindekslər, yaşıl iqtisadiyyat Bençmark İndeksinin hesablanması üçün baza göstəricilərinin işlənməsi haqqında danışdı.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. O, postsənaye iqtisadiyyatının yaşıllaşdırılması texnologiyalarından ən səmərəli formada istifadənin, iqtisadiyyatın diversifikasiyası üsulu ilə qeyri-neft sektorunun inkişafına nail olunmasının, həmçinin yüksək texnologiyaları geniş tətbiq etməklə informasiya iqtisadiyyatının özünün də yaşıllaşdırılmasının həyata keçirilməli olduğunun vacibliyini vurğuladı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı