İnstitutun şöbə müdiri İrlandiyada elmi ezamiyyətdə olub Oktyabr 04, 2018 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun  şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova 25-29 sentyabr 2018-ci il “Rəqəmsal verilənlər və Sənaye 4.0 mühitində əmək bazarında peşə bacarıqlarına olan tələb və təklifin  proqnozlaşdırılması metodlarının inkişafı” mövzusunda 7-ci tematik seminarın işində iştirak etmək üçün İrlandiyanın Dublin şəhərində ezamiyyətdə olub. Tədbir Avropa Komissiyası və İrlandiyanın  Təhsil və Peşə Bacarıqları Nazirliyinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platforması (2017-2020) çərçivəsində həyata keçirilmişdir. Ölkəmizi bu seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Statistika Komitəsi və AMEA İnformasiya Texnologiyaları  İnstitutundan olan ekspertlər təmsil edib.

Seminarda iki əsas istiqamət  üzrə müzakirələr aparılmışdır. Birinci istiqamətə İrlandiya təcrübəsi kontekstində əmək bazarında tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə institusional çərçivə, əmək resursları üzrə Milli verilənlər bazasında tələb və təklifə dair toplanmış məlumatların emalı metodları və analitika, əsas çıxış məlumatlarının əlyetərliyi və yayılması üsulları aid olub.

İkinci istiqamət üzrə isə rəqəmsallaşma, avtomatlaşma, robotlaşma və verilənlərin həcminin ifrat dərəcədə artmasının sənaye 4.0-a, iqtisadiyyata, cəmiyyətə, xüsusi ilə peşə və gələcək bacarıqlara (peşə, kvalifikasiya, kompetensiyalara) təsiri, qloballaşan sosial-iqtisadi və texnoloji mühitdə peşə və bacarıqların proqnozu, peşə və səriştələrə dair tələblərin dəyişmə dinamikasının sürətlənməsi və fasiləsiz təhsil problemlərin həlli yollarının tədqiqinə həsr edilmiş, bu sahədə  İrlandiyanın fasiləsiz təhsil və təlim Mərkəzinin təcrübəsi təqdim olunmuşdur.

Tədbirdə əmək bazarında tələb və təklifin çoxsəviyyəli monitorinq sisteminin yaradılması, böyük həcmli, müxtəlif təbiətli, çoxfaktorlu verilənlərin effektiv emalı üçün Big Data texnologiyalarının tətbiqi də diqqət mərkəzində olmuş və rəqəmsal innovasiyalardan biri kimi təqdim edilmişdir. Peşə Təhsilinə Dəstək Avropa Mərkəzi (CEDEFOP) tərəfindən bu sahədə  aparılmış  araşdırmalar, bu texnologiya vasitəsi ilə əmək bazarında tələb və təklifə dair müxtəlif strukturlu verilənlərin emalı və uyğunsuzluğun qiymətləndirilməsində daha geniş və dəqiq informasiyanın əldə edilməsi imkanları haqqında məlumat  verilmişdir. Artıq Avrostat tərəfindən əmək bazarında vəziyyətin qiymətləndirilməsi üçün Big Data texnologiyaların tətbiqi üzrə  yeni layihənin başlanması, mütəxəssislər və analitiklər cəlb edilməklə real zaman rejimində əmək bazarına dair məlumatların emal olunması iştirakçıların nəzərinə çatdırılmışdır. 

Seminarın sessiyalarından biri  Şərq Tərəfdaşlığında təmsil olunan ölkələrdə ötən bir il ərzində peşə bacarıqlarının proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması istiqamətində baş vermiş yeniliklər və görülmüş işlərə dair ölkə təqdimatlarına həsr olunmuşdur. Azərbaycan komandası adından təqdimat edən prof. M.Məmmədova  Avropa Təhsil Fondu  tərəfindən ölkədə Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması istiqamətində mühüm addımların atılması, ekspert dəstəyinin göstərilməsi və Milli ekspert qismində gördüyü işlər və tədqiqatlar barədə məlumat verib.

Məruzəçi öz çıxışında Observatoriyanın arxitekturası, idarəetmə prinsipləri, funksiyaları, tələb və təklifə dair müxtəlif məlumat bazalarının Elektron hökümət portalı vasitəsilə inteqrasiyası və verilənlər bazasına yerləşdirilməsinin təşkili, hüquqi, texniki əsaslarını təqdim edib. Təqdimatda prof. M.Məmmədova,  həmçinin təmsil etdiyi elmi qurumda əmək bazarının çoxaspektli tədqiq olunduğunu və alınmış elmi-praktiki nəticələrin Milli Observatoriyanın metodoloji əsaslarının işlənilməsində istifadə edildiyini diqqətə çatdırıb.

Maraqlı sessiyalardan biri də Avropa İttifaqı tərəfindən  qlobal texnoloji çağırışlara cavab olaraq irəli sürülmüş yeni təşşəbüsə həsr olunub. Bu təşəbbüs  gələcəyin əmək bazarı, müəssisələri, iş yerləri və zəruri olan yeni bacarıqların proqnozlaşdırılmasını nəzərdə tutur. Bununla əlaqədar, ənənəvi metodlarla əmək  bazarına dair bütün məlumatların nəzərə alınmasının mümkünsüzlüyü və innovativ konseptual yanaşmalar,  texnologiyalar və metodların tətbiqinin zəruriliyi vurğulanıb, əmək bazarı üzrə informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətləri və vasitələri göstərilib, son zamanlar fasiləsiz təhsilin əhəmiyyətinin daha da artdığı qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı