“Socientize” layihəsinin vətəndaş elminin inkişafında rolu araşdırılıb Avqust 02, 2018 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti seminarı keçirildi. 

Tədbiri giriş sözü ilə şöbə müdiri Təhmasib Fətəliyev açaraq seminarın “Socientize” layihəsinin vətəndaş elminin inkişafında rolu” mövzusuna həsr olunduğunu bildirdi. 

Məruzəni təqdim edən institutun əməkdaşı Nərgiz Verdiyeva layihənin məqsədi, təyinatı, fəaliyyət müddəti, əhatə etdiyi layihələr, mühüm statistik məlumatları diqqətə çatdırdı.

Vətəndaş elminin geniş ictimaiyyəti elmi prosesə cəlb etmək üçün hazırlanmış innovativ konsepsiya olduğunu söyləyən məruzəçi vətəndaş elmində iştirakçıların elmə öz intellektual səy və biliklərini paylaşmaqla, eləcə də öz rəqəmsal alət və resursları ilə töhfə verdiklərini bildirdi.

O, vətəndaş elminə dair onlayn resurslardan söz açdı, “Socientize” ilə əlaqəli layihələri nəzərə çatdırdı. Bildirdi ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi e-infrastruktur və vətəndaş elmi infrastrukturunun yaradılmasında iştirak edənlər arasında əməkdaşlıq üçün ümumi bir forumun hazırlanmasıdır. Qeyd etdi ki, “Socientize” yeni açıq elm paradiqmasının əsasını qoymaqla vətəndaş elmi prosesində iştirak edənləri bir araya gətirməyə xidmət edir.

N.Verdiyevanın sözlərinə görə, “Socientize” müxtəlif vətəndaş elmi aktorları və siyasətçiləri üçün uyğun müzakirə mövzuları müəyyən edib. Bu mövzulara vətəndaş elmi anlayışının geniş müzakirəsi və tətbiq sahələri, yerli, milli və Avropa miqyasında vətəndaş elmi layihələrinin asanlaşdırılması və dayanıqlığının artırılması, tədqiqatçıların və könüllülərin fəal iştirakı üçün bilik və motivasiya, verilənlərin və metodların mübadiləsi üçün açıqlıq, etibarlı göstəricilərə və yeni ictimai müzakirələrə əsaslanan müxtəlif nəticələrin təsirinin qiymətləndirilməsi daxildir.

“Horizon 2020” layihəsinin maliyyələşdirmə proqramının bu sahədə mövcud imkanlarından danışan məruzəçi qeyd etdi ki, layihə araşdırmalar və innovasiya üçün mükəmməl elm, sənayedə liderlik və ictimai problemlər kimi strateji hədəflər qoyur. Qeyd etdi ki, bu məsələlər sərhəd əməkdaşlıq tədqiqatları və innovasiyalarını həyata keçirmək üçün ən istedadlı komandaları dəstəkləyəcək, yeni və perspektivli tədqiqat sahələri açaçaq, tədqiqatçılara mükəmməl təlim və karyera inkişafı imkanları ilə təmin edəcək və dünya səviyyəli tədqiqat infrastrukturlarının Avropada və digər ölkələrdəki bütün tədqiqatçılara çatdırılmasını təmin edəcək.

O, həmçinin “Horizon 2020”də vətəndaş elmi ilə əlaqəli elm və cəmiyyət arasındakı münasibətlərin dərinləşməsi, elmə ictimaiyyətin inamının gücləndirilməsi, vətəndaşların və vətəndaş cəmiyyətinin tədqiqat və innovasiya mövzusunda məlumatlandırılması, elmi təhsilin təşviq edilməsi, elmi biliklərin daha əlçatan edilməsi və s. mövzuların mövcud olduğunu bildirdi.

Sonda N.Verdiyeva qeyd etdi ki, “Socientize” layihəsi çərçivəsində iki il ərzində qazanılan bilik və təcrübə Avropada vətəndaş elmi ilə bağlı “White Paper” şəklində nəşr edilmişdir ki, bu da Avropa, milli və regional səviyyədə elmi tədqiqatda vətəndaşların iştirakı üçün gələcək strategiyaların qurulması üzrə siyasətçiləri istiqamətləndirməyin effektiv üsuludur.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı