AMEA-nın magistrlərinin “Məzun günü” keçirildi İyul 10, 2018 | 03:54 / Mühüm hadisələr

İyulun 10-da AMEA-nın magistrlərinin “Məzun günü” keçirildi.

Respublikanın tanınmış elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu əlamətdar gün münasibətilə məzunları təbrik etdi və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzuladı. Akademiyada ali təhsilin magistratura pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə ya­radıldığını deyən AMEA rəhbəri bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirdi. Bildirdi ki, akademiyada təhsil alan magistrlər beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşür, fikir mübadiləsi aparır, həmçinin müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçirlər.

“AMEA-da magistratura təhsilinin müasir səviyyədə təşkili və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışmışıq. Bu məqsədlə elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb”, – deyə bildirən akademik A.Əlizadə magistrantların yaradılmış imkanlardan səmərəli faydalandıqlarını vurğuladı. Alim AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Təhsil şöbələrinin yaradıldığını, bunun isə akademiyada magistratura və doktorantura təhsili ilə bağlı bütün məsələlərin operativ həlli üçün geniş imkanlar açdığını bildirdi. Qeyd etdi ki, akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunların hər biri bu gün AMEA-da elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alırlar.

“Akademiyanı intellektual bir beyin mərkəzinə çevirmək niyyətindəyik”, – deyən A.Əlizadə gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığını, məzunlarımızın işlə təmin olunduqlarını, eyni zamanda, qrant layihələrinə cəlb edildiklərini vurğuladı. O, məzunları təhsil aldıqları elm ocağının adını daim uca tutmağa, gələcəyimizin layiqli qurucuları olmağa səslədi.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun magistri Şəlalə Mansurova çıxış edərək akademiyada və magistratura təhsili aldığı qurumda magistrantlar üçün yaradılmış imkanlardan danışdı. O, İnformasiya Texnologiyaları İnstitutunda magistrantların elmi mühitin tərkib hissəsinə çevrilmələri üçün müasir tələblərə cavab verən, innovativ şəraitin yaradıldığını, onların təhsil aldığı müddətdən etibarən qurumda işlə təmin olunduqlarını diqqətə çatdırdı. Qeyd etdi ki, institutun professor və müəllim heyəti magistrantlarla öz təcrübələrini daim bölüşmüş, bu isə magistrantların intellektual səviyyəsinin yüksəlməsində böyük rol oynamışdır.

Ş.Mansurova təhsil aldığı müddətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondu və ARDNŞ-in Elm Fondunun qrant layihələrində yaxından iştiraka cəlb olunduqlarını və böyük təcrübə əldə etdiklərini vurğuladı. Həmçinin bildirdi ki, institutda magistrantların beynəlxalq bazaların imkanlarından sərbəst şəkildə yararlanmaları üçün ingilis dili biliklərinin təkmilləşdirilməsinə xüsusi önəm verilmiş, bu məqsədlə kurslar təşkil olunmuşdur.

Çıxışının sonunda Ş.Mansurova AMEA prezidenti, akademik Akif Əlizadəyə və İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Daha sonra Tarix İnstitutunun magistri Əsmər Göyüşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistri Elnarə Sadiqova, Dilçilik İnstitutunun magistri Böyükxanım Əsgərova çıxış edərək AMEA-nın məzunu adını daşımaqdan qürur hissi duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söylədilər. Keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə akademiya rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirdilər.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva çıxış edərək məzunlara qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə etdilər.

Sonda AMEA-nın məzunlarına diplomlar təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı