İnternet mühitində informasiya axtarış sistemlərinin səmərəliyinin yüksəldilməsi üçün konseptual arxitektura işlənilir May 08, 2018 | 02:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “İnternet mühitində informasiya axtarış sistemlərinin səmərəliyinin yüksəldilməsi üçün konseptual arxitekturanın işlənməsi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Məruzə ilə çıxış edən institutun dissertantı Süleyman Süleymanzadə mövzunun aktuallığını qeyd edərək axtarış sistemlərində dərin təlim, maşın təlimi, mətnlərin intellektual analizi metodlarının tətbiqinin innovativ və perspektivli tədqiqat istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı.

O, bildirdi ki, informasiya axtarışı istifadəçinin sorğusuna relevant informasiyanın tapılmasıdır. İnformasiya axtarışı sahəsində hazırda mövcud olan həllərin istifadəçilərin informasiya tələbatını tam ödəyə bilməməsi, tapılmış nəticələrdə istifadəçi ilə mövzu arasındakı relevantlığın az olması, informasiya yüklənməsinin mövcudluğu və axtarışa olduqca çox vaxtın sərf olunması, sorğuların sayı artdıqca effektiv miqyaslanma imkanlarının məhdudluğu yeni axtarış həllərinin yaradılması sahəsində əsas problemlərdir.

Məruzəçi bu problemləri aradan qaldıracaq həllər təklif etmək üçün dərin təlim metodlarından istifadə edilməsinin tədqiqatçıların diqqətini cəlb edən əsas yanaşmalar olduğunu qeyd etdi. Bildirdi ki, dərin təlim metodlarının informasiya axtarışı sahəsində relevantlığın təmin edilməsi, sənədlərin avtomatik kateqoriyalaşdırılması, mətnlərin referatlaşdırılması, termlərin çəkiləndirilməsi, informasiyanın çıxarılması, sorğuların klassifikasiyası, informasiya filtrasiyası (spamların filtrasiyası), sənədlərin avtomatik klasterizasiyası, informasiya məhsullarının tövsiyəsi, veb-axtarış üçün əlaqələrin analizi, parallel emal, multilinqvistik informasiya axtarışı, semantik axtarış, şəkillərin və videoların axtarışı, informasiya axtarışının vizuallaşdırılması kimi aktual məsələlərdə uğurlu tətbiqi üçün geniş imkanları vardır.     

S.Süleymanzadə informasiya axtarışı sistemlərinin səmərəliliyinin artırılması üçün təklif edilən arxitekturada Convolutional Neural Network (CNN), Deep Neural Network (DNN), deep autoencoder kimi dərin neyron şəbəkələrinin arxitekturanın əsas komponentlərindən olduğunu diqqətə çatdırdı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 2 saylı şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bu istiqamətdə araşdırmaların davam etdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı