İqtisadi idarəetmədə ekonometrik metodların tətbiqi problemləri araşdırlır Oktyabr 02, 2017 | 02:55 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Elmi seminarı açan şöbə müdiri, dosent Əlövsət Əliyev müasir iqtisadi idarəetmə proseslərində, o cümlədən innovativ strukturların, texnoparkların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində potensial elmi istiqamətlərdən birinin də ekonometrik metodların tətbiqi olduğunu bildirdi. Sonra şöbə əməkdaşı Roza Şahverdiyeva “İqtisadi tədqiqatlarda ekonometrik paket proqramlarının tətbiqi problemləri” haqqında məruzəsini təqdim etdi. O, öncə iqtisadi-riyazi modellər və metodların  tətbiqinin metodoloji əsasları haqqında məlumat verdi. Bildirdi ki, iqtisadi-riyazi modelləşmənin əsas struktur növlərindən biri ekonometrik modellərdir. Müasir iqtisadi təhlilin əsas istiqamətlərindən biri olan ekonometrika iqtisadi hadisə və proseslərin kəmiyyət və keyfiyyətini riyazi, statistik metod və modellərin köməyi ilə öyrənən elm sahəsidir.

Məruzəçi qeyd etdi ki, ekonometrikanın metodlarına reqressiya analizi, korrelyasiya təhlili, klassifikasiya, klasterizasiya, qiymətləndirmə və başqaları aiddir. Onun makrosəviyyə (milli iqtisadiyyat modelləri), mezosəviyyə (regional iqtisadiyyat modelləri), mikrosəviyyə (ev təsərrüfatları) kimi tətbiq səviyyələri də var. Həmçinin, ekonometrika iqtisadiyyat, riyaziyyat, informatika, statistika kimi elmlərlə əlaqəli şəkildə öyrənilir.

O bildirdi ki, ekonometrika sözünü elmi ədəbiyyatda ilk dəfə Norveç iqtisadçısı Reynar Friş “Ekonometriks” şəklində istifadə etsə də bu elm sahəsində tədqiqat aparan alimlərdən L.Kleyn, T.Xavaalmo, C.Xekman və başqaları Nobel mükafatına layiq görülüb.

Sonra R.Şahverdiyeva ekonometrik modellərin qurulmasında universal, profesional, ixtisaslaşdırılmış tətbiqi proqram paketlərinin tətbiq olunmasından danışdı. Onun sözlərinə görə, bəzi tətbiqi ekonometrik proqramların müxtəlif modullarda paralel işləmək imkanı,verilənlərin asan idxal və ixracı, şəxsi makrosların yaradılması imkanları və digər üstünlükləri var. Çatışmazlıqlara isə bir qayda olaraq rahat interfeysin olmaması, kompüterin və əməliyyat sisteminin xarakteristikalarına yüksək tələblər və başqaları aiddir.

O, həmçinin bildirdi ki, Econometric Views (EViews) proqram paketindən elmi informasiyanın analizi, makroiqtisadi proqnozlaşdırma, iqtisadi proseslərin modelləşdirilməsi, maliyyə məsələlərinin analizi və s. üçün  istifadə olunur.

Qeyd olunanlarla yanaşı, texnoparklarda innovativ məhsul istehsalının ekonometrik modelinin işlənilməsini, ekonometrik modellərin kompüterdə EVEWS-7 proqram paketində eksperimental realizasiyası nəticələrinin təhlilini və texnoparkda iqtisadi riyazi modelinin işlənilməsi mərhələlərinə dair  sxemləri təqdim etdi.

Sonda məruzəçi əldə olunan nəticələrdən danışdı. O, ekonometrik proqram paketlərinin texnoparklarda tətbiqi imkanının göstərildiyini, iqtisadi tədqiqatlarda statistik paket proqramlarının tətbiqi problemlərinin, texnoparklarda innovativ məhsul istehsalının  idarə olunması üzrə işlənilmiş modellərin praktiki reallizasiya nəticələrinin təhlil olunduğunu və başqalarını qeyd etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Seminara yekun vuran dosent Əlövsət Əliyev şöbə tədqiqatlarında ekonometrik metodların və paketlərin tətbiq səviyyəsinin və sahələrinin dərinləşdirilməsi və artırılması istiqamətlərini qeyd edərək institut rəhbərliyinin bu sahədə müvafiq tövsiyələrini seminar iştirakçılarının nəzərinə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı