Elmi məqalələrin nəşrində necə uğur qazanmalı? Mart 17, 2017 | 02:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi tədqiqatların metodoloji əsasları” mövzusuna həsr edilmiş elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Tədbirdə elmi fəaliyyətin qurulması, elmi tədqiqatların təşkili və məqalələrin yazılma qaydaları ilə bağlı müzakirələrin aparılacağını bildirdi.

“Elmi-nəzəri fəaliyyətin gücləndirilməsi institutun prioritet istiqamətidir”, – deyən R.Əliquliyev elmmetriya ilə bağlı maarifləndirici kitab və kitabçaların hazırlanmasının, gənc tədqiqatçılara elmi fəaliyyətin təşkili ilə bağlı təlimlərin keçirilməsinin vacibliyini önə çəkdi. İnstitutun alim və mütəxəssislərini bu prosesdə fəal iştirak etməyə çağırdı.

Sonra institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elmi məqalələrin nəşrində uğur qazanmaq üçün nələrə fikir verməli” mövzusunda məruzə ilə çıxış edərək elmi məqalənin yazılma modelləri, növləri, strukturu və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, məqalənin adında əsas nəticələr qeyd edilməli, açar sözlər saxlanılmalı və 20-dən çox söz olmamalıdır. Sual və ixtisarlardan istifadə edilməməlidir.

“Xülasə məqalə haqqında ilkin təəssürat yaradır. Bu səbəbdən xülasə yazarkən məqsədə uyğunluq, nəticələrin əhəmiyyəti qeyd olunmalı, yekun qiymətləndirilməlidir. Xülasədə ədəbiyyat siyahısı, əhəmiyyətsiz rəqəmlər, statistika, ixtisar və jarqonlara yer verilməməlidir”, – deyə məruzəçi bildirdi.

R.Alıquliyev məqalənin əsas strukturunun giriş, metodlar, nəticələr və müzakirədən ibarət olduğunu söylədi. Bildirdi ki, girişdə məqalənin mövzusu, mövzunun aktuallığı, tədqiqatın əhəmiyyəti, müvafiq sahədə müasir vəziyyət, inkişaf, problemlər və müəllifin məqsədinin qeyd olunması vacibdir. Metodlarda aparılmış tədqiqatlar haqqında məlumat verilməlidir. Nəticələrdə verilənlərin təkrarlanmasına yol verməmək lazımdır. Müzakirədə isə yekunda dəstəklənən əsas nəticələri şərh etmək, digər tədqiqatlarla oxşarlığı və fərqlərini, gələcək tədqiqatları müəyyənləşdirmək zəruridir.

Alimin sözlərinə görə, məqalənin nəşr olunması üçün elmi jurnal seçərkən onun məqsəd və istiqaməti, impakt faktoru, çap olunma tezliyi, indeksləşdiyi elmi bazalar və oxucu auditoriyasının nəzərə alınması vacibdir. Məqalənin texniki tələblərə cavab verməməsi, jurnalın istiqamətinə uyğun olmaması, natamamlıq, anlaşılmazlıq və s. məqalənin qəbul olunmamasına gətirib çıxarır.

Məruzəçi jurnal redaktorlarının yüksək keyfiyyətli tədqiqat, yəni orijinal və yeni axtarışlar, yaxşı strukturlaşdırılmış tədqiqat, oxuculara maraqlı olan yaxşı yazılmış məqalə tələb etdiklərini söylədi. Bildirdi ki, rəyçilər tədqiqat və məqaləni təkmilləşdirmək üçün məsləhətlər verirlər. Rəyçinin rəyi yalnız həmin sahəyə uyğun olan və yaxşı təşkil olunmuş məqalələrin nəşrinə zəmanət verir. Bu, təkcə məqalənin keyfiyyətini yaxşılaşdırmağa deyil, həm də bu sahənin inkişafına kömək edir. Sonra rəyçilərin tövsiyələrini nəzərə alaraq təkrar işləmək, oxunaqlığı artırmaq, yeni təcrübələr və informasiya əlavə etmək lazımdır.

R.Alıquliyev, həmçinin qeyd etdi ki, əvvəlki ədəbiyyatları oxumaqdan imtina etmək, plagiatlığa yol vermək, məqalənin əsas komponentlərini buraxmaq, yanlış istinad etmək, obyektiv hökmlərə nisbətən subyektiv hökmlərə üstünlük vermək, redaktor və rəyçilərin iradlarını qəbul etməmək elmi məqalənin uğursuzluğuna səbəb olan əsas faktorlardır.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı