XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransı və seminarı işə başlayıb Dekabr 05, 2016 | 06:00 / Konfranslar, iclaslar

Tədbirin sessiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib

Dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev açaraq konfransın kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. AMEA-nın akademik-katibi konfransın ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib, tədbirdə əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına əminliyini ifadə edib. Akademik çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb, mühazirələrin dinləyiciləri olan yerli və xarici tələbələrə isə kvant informatikası haqqında daha çox məlumat əldə etməyi, gələcəkdə bu sahədə tədqiqat işləri aparmağı tövsiyə edib.

Sonra çıxış edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, tədbirin Təşkilat Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nazim Məmmədov kvant informatikasının yaranması və inkişafı tarixindən danışıb: “Amerikalı alim Riçard Feynman və digər görkəmli fiziklərin kvant informatikasının əsasını qoymasından 30 ildən çox vaxt keçir. Bu müddətdə güclü inkişaf etmiş bir elm sahəsinə çevrilən kvant informatikası fizikanın bir çox ənənəvi istiqamətlərini də əhatə edərək öz hüdudlarını kompüter və ifrat yüksək texnologiyalara qədər genişləndirib”.

Alim bildirib ki, bu gün hətta ən güclü klassik kompüterlərin və kvant alqoritmlərin öhdəsindən gələ bilmədiyi məsələləri gələcəkdə İKT-nin əsas elementi kimi kvant kompüterləri effektiv həll edəcək. N.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda kvant informatikası sahəsində mütəxəssislərə ehtiyac olduğu üçün xarici alimlər işçi sessiyalardan əlavə, tələbə və doktorantlar üçün kvant informatikasına dair giriş kursları üzrə mühazirə oxuyacaqlar. Nazim Məmmədov bu təşəbbüsün istedadlı gəncləri kvant informatikası kimi mühüm bir sahədə tədqiqatlara cəlb edəcəyinə əminliyini bildirib.

Tədbirdə, həmçinin Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının İdarə Heyətinin sədri, professor ÇHiap Oh və EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, xarici alimlərlə birgə elmi-tədqiqat işlərinin aparılması baxımından geniş imkanlar yaratdığını bildirdilər.

Daha sonra tədbir İnformasiya Texnologiyaları İnstitutunda akademik R.Əliquliyevin sədrlik etdiyi sessiya ilə davam etdirilib.

Tədbirdən öncə qonaqlar institutda yaradılmış innovativ şəraitlə yaxından tanış olublar. Onlara qurumun Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, elektron elmin şəbəkə platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin təqdim etdiyi imkanlar, müasir standartlara cavab verən Elektron Kitabxana Mərkəzinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Tədbirin sessiya iclasında Birləşmiş Nüvə Tədqiqatları Mərkəzinin Cəbr və kvant informatikası laboratoriyasının tədqiqat qrupunun rəhbəri Vladimir Gerdtin “Kvant informatikasına giriş” mövzusunda məruzəsi dinlənilib. Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı dekabrın 9-dək öz işinə sessiyalarla davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.  

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı