Bundan sonra narkotik maddədən asılı insanları aşkar etmək daha asan olacaq. Belə ki, Böyük Britaniya alimləri narkotik qəbul edənləri barmaq izlərinə görə aşkar etməyə imkan verən yeni metodu nümayiş etdiriblər.
İlk əvvəl bu, kokaindən istifadəyə aiddir. Narkotik maddənin izləri barmaqların ucunda aşkar olunur ki, bunun da sayəsində polislər narkotikdən istifadə edilib-edilmədiyini yerindəcə yoxlaya biləcəklər. Bunun üçün qan analizi vermək isə daha lazım gəlməyəcək. Kokain qəbul edən insanın maddələr mübadiləsi zamanı barmaq uclarının dərisində benzoilekqonin və metilekoqonin ifraz olunur.
Bu, kokainin metabolitləridir. Göstərilən maddələrin markeri olan xüsusi məhlul barmağın uclarına çəkiləndən sonra mütəxəssislər insanın qadağan edilmiş maddəni qəbul etdiyini həmin an aşkar edə bilirlər. Hüquq-mühafizə orqanları əməkdaşları üçün narkotik maddə üzrə testi yetərli qədər tez bir vaxtda keçirmək vacib məsələdir. Əvvəllər laboratoriya analizlərinin nəticələrini əldə etmək üçün həftələrlə gözləmək lazım gəlirdi.
Bu metodun nəticələrini dəyişmək isə mümkün deyil. Narkotik qəbul edən insanların barmaqlarının uclarında bu maddələrin izləri həftələrlə qalır. globalscience.ru saytının bildirdiyinə görə, bu metod yetərli qədər sadədir və nəticənin əldə olunması üçün çox vaxt tələb etmir.