Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun bəzi struktur bölmələrinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olundu. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
İnstitutun 1 saylı şöbəsinin fəaliyyət planını təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova şöbədə cari ildə planlaşdırılmış işlər haqqında məlumat verdi.
Bildirdi ki, şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyalarının tədqiqi, böyük verilənlərin analitikası problemlərinin tədqiqi və analizi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri nəzərə çatdıran M.Hacırəhimova bu istiqamətdə “Elmi Problemlər Reyestri” sisteminin konseptual əsaslarının işlənməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdən danışdı.
Texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi 2 saylı şöbənin 2015-ci il üçün fəaliyyət planı ilə bağlı çıxış etdi. “Cari il ərzində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və bu sahədə təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənməsi nəzərdə tutulur”, - deyə bildirən şöbə rəhbəri bildirdi ki, şöbədə bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemləri tədqiq olunacaq, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün arxitektura və müvafiq metodlar işləniləcək.
2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi-tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2015-ci ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğuladı.
O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək qeyd etdi ki, cari ildə AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi və qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılması planlaşdırılır.
3 saylı şöbədə cari ildə planlaşdırılmış işlər haqqında məlumat verən şöbə müdiri Təhmasib Fətəliyevin sözlərinə görə, şöbədə elmmetriyanın və e-elmin formalaşması problemləri istiqamətində “Elmi Problemlər Reyestri” əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin yaranması tarixi, mövcud vəziyyəti və inkişaf istiqamətlərinin araşdırılması, e-vətəndaş elmin predmetinə aid aktual elmi-tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların davam etdiriləcəyini söylədi.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin 2015-ci il üçün fəaliyyət planına dair çıxış etdi. Bildirdi ki, cari ildə İnternetin tənzimlənməsi problemləri üzrə kompüter şəbəkələrində verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanlarının araşdırılması nəzərdə tutulur.
AzScienceNet şəbəkəsinin infrastrukturunun genişəndirilməsi işləri ilə bağlı məlumat verən R.Ələkbərov AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, AzScienceNet şəbəkəsi əsasında ölkə daxili və xarici ölkələrlə online videokonfransların təşkili, şəbəkənin İnternetə çıxış sürətinin 300 Mbit/s -ə çatdırılması ilə bağlı görüləcək işlərdən danışdı. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndiriləcəyini söylədi.
Qeyd etdi ki, bu il AzScienceNet şəbəkəsinin istifadəçilərinin kompüterlərinin reyestr sisteminin təkmilləşdirilməsi və AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə AzScienceNet şəbəkəsinə qoşulması planlaşdırılır. AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulması, AMEA üzrə “Qaynar xətt” xidmətinin təşkili, AMEA qurumlarında İnternet köşklərin istifadəyə verilməsi də cari ildə görüləcək işlər sırasındadır.
AzScienceNet şəbəkəsində yeni xidmətlərin təşkili işlərindən söz açan şöbə müdiri bu istiqamətdə AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi, AMEA-nın Əsas binasının həyətində Wi-Fi xidmətinin yaradılması, ali təhsil müəssisələrində Eduroam xidmətinin yaradılması və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğuladı.
Şöbə, həmçinin AzScienceNet-in təqdim etdiyi “Cloud Computing” xidmətlərinin ali təhsil müəssisələrinin əməkdaşlarına ödənişsiz olaraq təklif olunması və onların bu xidmətlərdən istifadə etməsi üçün təlim seminarlarının təşkil edilməsi ilə əlaqədar məqsədyönlü işlər həyata keçirmək niyyətindədir.
Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi - Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) və GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirilməsinin planlaşdırıldığını dilə gətirdi.
Texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri, elektron təhsil mühitinin bulud texnologiyası, Big Data problemi və s. ilə bağlı araşdırmaların rəhbərlik etdiyi 10 saylı şöbədə aparılmasının planlaşdırıldığını önə çəkdi. Qeyd etdi ki, “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işlərinin aparılması, ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur.
Şöbənin elmi-innovasiya fəaliyyəti haqqında danışan məruzəçinin sözlərinə görə, cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, qrantların alınması üçün layihələrin müsabiqələrə təqdim olunması planlaşdırılır.
O, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq hesabat ili ərzində Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə əlaqələrin yaradılacağını diqqətə çatdırdı.
Məruzəçilər, həmçinin qeyd olunan şöbələrdə elmi-pedaqoji, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, aparılan elmi-tədqiqat işləri və innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirdilər.
Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Sonda plan layihələri Elmi şuranın üzvləri tərəfindən qəbul olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.