Biometrik identifikasiya sistemləri və proqram mühəndisliyi üzrə elmi araşdırmalar davam etdiriləcək

11 Fevral 2015 - 10:00 | Konfranslar, İclaslar
Biometrik identifikasiya sistemləri və proqram mühəndisliyi üzrə elmi araşdırmalar davam etdiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açıb.

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin  müəyyən olunmasında etalon təsvirin formalaşması üçün alqoritmlərin işlənməsi və bunlar əsasında biometrik identifikasiya sisteminin (İEBİS) yaradılması, həmçinin biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiq olunacağını diqqətə çatdırıb. İnsanın əl damar izləri əsasında identifikasiya olunması məsələsi üzrə aparılan araşdırmalar haqqında məlumat verib.

Proqram mühəndisliyi mövzusu üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinin təhlili məsələsinə də toxunan məruzəçi bu məqsədlə modellərin işləniləcəyini bildirib.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək “Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin kompüter vasitəsilə müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi və “İrqi-Etnik” biometrik identifikasiya sisteminin yaradılması” mövzusu üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş qrant layihəsi  barədə məlumat verib. Şöbə əməkdaşlarının elmi əsərlərinin Vikipediyaya daxil edilməsinin nəzərdə tutulduğunu da qeyd edib.

O, həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən danışıb.

Sonda şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.