Texnoparkların fəaliyyətinin idarə olunması üçün model və mexanizmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılacaq

28 Yanvar 2015 - 17:11 | Konfranslar, İclaslar
Texnoparkların fəaliyyətinin idarə olunması üçün model və mexanizmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2015-ci il  üçün fəaliyyət planı müzakirə olunub. İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə görüləcək işlərlə bağlı planı təqdim edərək bildirib ki, rəhbərlik etdiyi şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması proseslərinin təhlili və onun inkişafı üzrə müvafiq modellərin işlənilməsi, iqtisadiyyatın İKT vasitəsilə ekoloji cəhətdən tarazlı inkişafına təsiredici amillərin araşdırılması, texnoparkların fəaliyyətinin təşkili və idarə olunması üçün model və mexanizmlərin işlənilməsi planlaşdırılır.

Ə.Əliyev şöbənin cari ildə elmi-innovasiya fəaliyyətindən bəhs edərək iqtisadi-sosial sistemlərin idarə olunması və informasiyalaşdırılması istiqamətində konsaltinq xidmətinin göstərilməsi və müvafiq fond və təşkilatlara informasiya və innovasiya iqtisadiyyatının elmi-nəzəri əsaslarının formalaşması məsələləri ilə əlaqədar qrant layihələrin təqdim olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Məruzəçi həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, respublika və beynəlxalq  səviyyəli elmi-praktiki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili ilə bağlı görüləcək tədbirlər haqqında məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, Daşkənd Dövlət Texniki  Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya MEA-nın İqtisadiyyat İnstitutu və müvafiq təşkilatlarla beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması hesabat ili ərzində yerinə yetiriləcək işlərdəndir.

Məruzə ətrafında ətraflı fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.