ETN İnformasiya Texnologiyaları İnstitutu dövlət proqramlarının icrasında yaxından iştirak edir

02 Avqust 2026 - 14:49 | Mühüm hadisələr
ETN İnformasiya Texnologiyaları İnstitutu dövlət proqramlarının icrasında yaxından iştirak edir

AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2026-cı ilin birinci yarısı üzrə dövlət proqramlarından və strategiyalardan irəli gələn tapşırıqların icrasında fəal iştirak edilib, həmçinin davamlı olaraq elmi-ekspertiza fəaliyyəti həyata keçirilib.

Bu barədə İnstitutun Elmi şurasının iclasında AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.

Akademik Rasim Əliquliyev hazırda Azərbaycanda qabaqcıl texnologiyalara əsaslanan yeni inkişaf mərhələsinin formalaşdığını, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar nəticəsində yüksək texnologiyalar cəmiyyətinin, rəqəmsal iqtisadiyyatın və milli süni intellekt ekosisteminin qurulması istiqamətində ardıcıl addımların atıldığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti müasir dövrün çağırışları, rəqəmsal transformasiya prosesləri və milli maraqlardan irəli gələn prioritetlər nəzərə alınmaqla Azərbaycan alimləri qarşısında yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Alim bildirib ki, bu baxımdan ETN İnformasiya Texnologiyaları İnstitutu yalnız fundamental elmi tədqiqatlarla deyil, həm də dövlət siyasətindən irəli gələn proqramların və layihələrin hazırlanması, elmi ekspertizası və icrası proseslərində yaxından iştirak etməklə ölkənin elmi-texnoloji və rəqəmsal inkişafına mühüm töhfə verir.

İnstitutun baş direktoru cari ilin birinci yarımilində bu elmi müəssisədə bir sıra mühüm dövlət sənədlərinin icrası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, eləcə də “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı və s. sənədlərdən irəli gələn vəzifələrin icrasında yaxından iştirak edildiyini vurğulayıb.

Akademik Rasim Əliquliyev İnstitutun bundan sonra da ölkənin rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal suverenliyin təmin olunması və milli innovasiya ekosisteminin formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.