Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

31 İyul 2026 - 16:15 | Konfranslar, İclaslar
Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dövlət-vətəndaş qarşılıqlı məmnuniyyətinin ölkənin kibersuverenliyinə təsirinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərli məruzə ilə çıxış edərək rəqəmsal dövlət mühitində dövlət-vətəndaş qarşılıqlı məmnuniyyətinin kibersuverenliyin təmin olunmasındakı rolundan bəhs edib.

Məruzəçi bildirib ki, mövcud yanaşmalar əsasən vətəndaşların dövlət xidmətlərindən məmnunluğunun qiymətləndirilməsinə yönəlmişdir. O, dövlət-vətəndaş münasibətlərinin obyektiv qiymətləndirilməsi üçün hər iki tərəfin mövqeyinin nəzərə alınmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

G.İskəndərli diqqətə çatdırıb ki, tədqiqat çərçivəsində vətəndaş məmnunluğunun ölçülməsində istifadə edilən mövcud yanaşma və göstəricilər analiz olunub. Eyni zamanda, konstitusiyada təsbit olunmuş dövlətin hüquq və öhdəlikləri, eləcə də vətəndaşın hüquq və vəzifələri əsasında dövlət-vətəndaş qarşılıqlı məmnunluğunun qiymətləndirilməsinə dair konseptual model təklif edilib: “Bu model qarşılıqlı münasibətləri hər iki tərəfin hüquq və məsuliyyətləri kontekstində kompleks şəkildə təhlil etməyə imkan verir”.

Onun sözlərinə görə, dövlət və vətəndaş arasında qarşılıqlı məmnunluğun təmin edilməsi etimadın möhkəmlənməsinə, idarəetmənin səmərəliliyinə və kibersuverenliyin gücləndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, tərəflər arasındakı narazılıq dövlətin təhlükəsizliyinə və idarəetmə proseslərinin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Məruzə ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək tədqiqatın aktuallığını və elmi əhəmiyyətini vurğulayıb. Alim qeyd edib ki, rəqəmsal transformasiyalar nəticəsində dövlət idarəetməsinin müxtəlif istiqamətləri üzrə böyük həcmdə məlumatlar toplanır və bu məlumatların təhlili vətəndaşların dövlət xidmətlərindən məmnunluq səviyyəsinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. Akademikin sözlərinə görə, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasının əsas şərtlərindən biri idarəetmə proseslərinin obyektiv göstəricilər əsasında qiymətləndirilməsi və vətəndaşlardan daxil olan əks-əlaqənin sistemli şəkildə təhlil edilməsidir.

Akademik Rasim Əliquliyev həmçinin rəqəmsal transformasiya şəraitində dövlət-vətəndaş münasibətlərinin kompleks qiymətləndirilməsinin kibertəhlükəsizliyin möhkəmləndirilməsi və kibersuverenliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, tədqiqatın davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.