AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir. Bu istiqamətdə Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Tibb Universiteti, Bakı Biznes Universiteti və digər ali təhsil müəssisələri ilə səmərəli elmi əlaqələr mövcuddur.
Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin SABAH qruplarının “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 16 fevral – 19 iyun tarixlərində institutun müvafiq şöbələrində təcrübə keçiblər.
Təcrübənin əsas məqsədi tələbələrin ali təhsil müddətində əldə etdikləri nəzəri biliklərin real praktikada tətbiqinə şərait yaratmaq, onların peşəkar bacarıqlarını inkişaf etdirmək, informasiya texnologiyaları sahəsində təcrübə qazanmalarını təmin etmək idi.
Tələbələr təcrübə müddətində informasiya texnologiyalarının aktual elmi problemləri ilə bağlı tədqiqat işlərinə cəlb olunublar. İnstitutun alim və mütəxəssisləri tərəfindən onlara süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, proqram mühəndisliyi, bulud texnologiyaları, kiberfiziki sistemlər və digər aktual istiqamətlər üzrə elmi-nəzəri və praktiki biliklər aşılanıb.
Təcrübənin sonunda tələbələrin əldə etdikləri bilik və bacarıqları əks etdirən hesabatlar təqdim olunub və təcrübə rəhbəri texnika elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov tərəfindən onların fəaliyyəti qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.