ETN İnformasiya Texnologiyaları İnstitutu qarşısında duran mühüm vəzifələrdən biri də ölkənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin təşkilidir. Bu istiqamətdə Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, MDU-nun Bakı filialının tələbələri institutda istehsalat təcrübəsi keçir, həmçinin institutun mütəxəssisləri “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvü kimi iştirak edirlər.
2-5 iyun 2026-cı il tarixlərdə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova MDU-nun Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü kimi komissiyanın işində iştirak edib. Belə ki, G.Nəbibəyova universitetin bakalavr və magistratura pillələrinin buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasında və İxtisaslaşdırılmış Müdafiə Şurasında təmsil olunub.
Məlumat üçün bildirək ki, MDU-nun Bakı filialı ölkəmizdə zəngin elmi-tədris təcrübəsinə malik nüfuzlu ali təhsil müəssisələrindən biridir. Hazırda Universitetin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Fizika, Psixologiya və İqtisadiyyat fakültələri üzrə ümumilikdə 267 bakalavr və 54 magistrant təhsil alır. Filialın tədris fəaliyyəti Moskva Dövlət Universitetinin tədris planları və proqramlarına uyğun olaraq həyata keçirilir.