ETN İnformasiya Texnologiyaları İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, 1999-cu ildə UNESCO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiqlənməsi ana dilinə diqqətin artırılması və dil problemlərinin qlobal miqyasda gündəmə gətirilməsi məqsədini daşıyır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafına xüsusi önəm verdiyini qeyd edən AMEA-nın vitse-prezidenti Ulu Öndərin sovet ideologiyasının hökm sürdüyü mürəkkəb tarixi şəraitdə dilimizin qorunub saxlanılması ilə bağlı ardıcıl və uzaqgörən tədbirlər həyata keçirdiyini deyib. Qeyd edib ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu siyasətin mühüm nəticəsi idi.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin inkişafı məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxladığını bildirən akademik Rasim Əliquliyev Dövlət başçısının AMEA-nın 80 illik yubileyində Azərbaycan dilini yalnız mədəni dəyər deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirdiyini xatırladıb. Bildirib ki, qloballaşma şəraitində milli identikliyin qorunması üçün dilə yönələn təhdidlərə qarşı sistemli elmi araşdırmaların aparılması son dərəcə vacibdir.
“Bu baxımdan ETN İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan dilinin İKT problemlərinin tədqiqinə xüsusi önəm verir və bu sahədə aparılan elmi araşdırmalara dəstək göstərir”, – deyə akademik Rasim Əliquliyev vurğulayıb, bu istiqamətdə görülən işlərə töhfə verməyi hər bir alim və tədqiqatçının vətəndaşlıq borcu kimi dəyərləndirib. Real və virtual məkanda dövlət maraqlarının qorunmasının ana dilinə məsuliyyətli münasibət tələb etdiyini bildirib.
Sonra institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin bəzi problemlərinin həlli haqqında hesabat və perspektiv vəzifələr” mövzusunda çıxış edib. O, əvvəlcə AR Prezidenti Cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışına diqqət çəkib, dövlət başçısı tərəfindən Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsinin milli siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyələşdirildiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyev çıxışı zamanı dilin saflığının qorunmasını, onun qloballaşma şəraitində zənginliyinin və funksionallığının təmin edilməsini, eləcə də elmi ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyini qeyd etmiş, Azərbaycan dilinin milli kimliyin əsas dayağı olduğunu diqqətə çatdırmışdır”.
O, Azərbaycan dilinin inkişafına xidmət edən və dövlət başçısı tərəfindən imzalanmış bir sıra mühüm rəsmi sənədlər barədə məlumat verərək bildirib ki, 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda dilin tətbiqinin genişləndirilməsi, milli transliterasiya standartları əsasında proqram təminatının hazırlanması və beynəlxalq standartlara uyğun milli terminoloji informasiya sisteminin yaradılması kimi vəzifələr müəyyənləşdirilmişdir. Həmçinin 17 iyul 2018-ci il tarixli Sərəncam və 1 noyabr 2018-ci il tarixli Fərmanla Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Sonra məruzəçi akademik Rasim Əliquliyevin müəllifi olduğu “Adlar və soyadlar dövlət informasiya sistemi” haqqında məlumat verərək bildirib ki, sistem çərçivəsində milli-mənəvi dəyərlərə zidd, dilin semantik və sintaktik normalarına uyğun gəlməyən adların verilməsinin qarşısının alınması, mövcud və potensial təhriflərlə mübarizə, eləcə də yeni ad və soyadlarla bağlı ictimai rəyin öyrənilməsi nəzərdə tutulmuşdur.
İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verən məruzəçi bildirib ki, institutun alimləri tərəfindən hazırlanmış “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” elmi əsəri AR Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilmiş və müvafiq Şəhadətnamə verilmişdir.
O, institutda terminoloji informatika, mətnlərin intellektual analizi, avtomatik referatlaşdırma və plagiatlığın aşkarlanması, nitq texnologiyaları və səsə görə biometrik identifikasiya, eləcə də milli domen adlarının intellektual monitorinqi istiqamətlərində aparılan tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər haqqında məlumat verib. Eyni zamanda institutda milli terminoloji informasiya sisteminin formalaşması problemləri, dil biliklərinin İKT-nin tətbiqi ilə qiymətləndirilməsi, elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi və digər istiqamətlərdə aparılan tədqiqatların Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemlərinin ararşdırılmasına, eləcə də bütövlükdə ana dilinin qorunması və inkişafına mühüm töhfə olduğunu qeyd edib.
Çıxışının sonunda tədqiqatçı müvafiq sahədə perspektiv vəzifələrdən bəhs edərək, rəqəmsal dövlət mühitində Azərbaycan dili ekosisteminin arxitektur-texnoloji əsaslarının işlənməsi, fərdi dil korpuslarının formalaşdırılması, transliterasiya sistemlərinin intellektuallaşdırılması, dezinformasiyanın kibersuverenliyə təsirinin qiymətləndirilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsinin qarşıda duran əsas tədqiqat istiqamətlərindən olduğunu söyləyib.
Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı təklif və tövsiyələrini səsləndirib, aparılan tədqiqatların rəqəmsal çağırışlar və süni intellektin inkişafı fonunda Azərbaycan dili ilə bağlı görülən işlərə mühüm töhfə verdiyini bildirib. Alim seminarda təqdim olunan məruzə əsasında hazırlanacaq məqalənin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunması, eləcə də mövzunun geniş ictimaiyyətə çatdırılması məqsədilə elmi-populyar materialların hazırlanması və televiziyada çıxışların edilməsi ilə bağlı təkliflərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.