“Hepatosellülyar karsinomanın diaqnostikası üçün ekspert sistemi” adlı ixtira Avrasiya patenti alıb

02 Fevral 2026 - 09:54 | Mühüm hadisələr
“Hepatosellülyar karsinomanın diaqnostikası üçün ekspert sistemi” adlı ixtira Avrasiya patenti alıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan Tibb Universiteti (ATU) ilə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işinin nəticəsi Avrasiya Patent Təşkilatı (EAPO) tərəfindən 2025-ci ilin 22 dekabr tarixində dərc olunan patentləşdirmə qərarına görə Avrasiya patentinə layiq görülüb. Patent № 501923 qeydiyyatlı ixtira “Hepatosellülyar karsinomanın diaqnostikası üçün ekspert sistemi” adlanır.

Patentin müəllifləri – İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və böyük elmi işçisi Minarə Manaflıdır.

Patentləşdirilmiş ixtiranın əsas məqsədi klinik praktikada hepatosellülyar karsinomanın (qaraciyər xərçəngi) mərhələsinin diaqnostikasını dəstəkləyən, onun identifikasiyası ilə bağlı İnternet mühitdə operativ qərarlar qəbul edilməsinə, zaman və məkandan asılı olmayaraq eyni vaxtda bir neçə həkimə pasiyentin kliniki vəziyyətinin cari obrazına uyğun formulanı generasiya etməyə imkan verən ekspert sisteminin işlənilməsi və praktiki reallaşdırılmasından ibarətdir. 

İxtira tibbi qərarların qəbul edilməsini dəstəkləyən ənənəvi sistemlərlə müqayisədə real vaxt rejimində kliniki situasiyaya operativ reaksiya verilməsi və qəbul olunan qərarın dəqiqliyi, cari situasiyaya uyğun qərarın hasil olunmasında səbəb-nəticə əlaqələrinin ardıcıllığının izlənilməsi və əsaslandırılması,  vaxt, məkan və istifadəçi sayı məhdudiyəti olmadan İnternet üzərindən sistemə əlyetərlik və s. kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, Avrasiya patentinin alınması tədqiqat nəticələrinin beynəlxalq qorunmasını təmin etməklə yanaşı, gələcəkdə elmi-praktik tətbiqlər və texnologiyaların kommersiyalaşdırılması üçün də geniş imkanlar açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.