Martın 5-də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransının keçirilməsi nəzərdə tutulur. Tədbirin təşkilatçıları ETN İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır.
Konfransda dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, bu sahədə trendlər, mövcud yanaşmalar, eləcə də aparılan tədqiqatların nəticələrinin müzakirə olunması nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, rəqəmsal dövlət sisteminin etibarlı, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin olunması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, bulud əsaslı rəqəmsal dövlətin şəbəkə infrastrukturunun qurulması, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi və dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması və s. kimi çoxaspektli problemlərə dair məruzələr təqdim olunacaq.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında keçiriləcək konfransın əhəmiyyətindən danışıb.
Akademik bildirib ki, hazırda dünyada gedən qlobal proseslər, rəqəmsal transformasiyalar, IV Sənaye İnqilabının, xüsusən də, müasir dövrün ideologiyası olan süni intellektin böyük sürətlə inkişafı nəticəsində ölkəmizdə yeni reallıqlar yaranmaqdadır. Dövlət başçısı İlham Əliyevin süni intellekt və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, eyni zamanda imzaladığı “Rəqəmsal İnkişaf Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlər həm müvafiq dövlət qurumları, elmi müəssisələr, həm də biznes və vətəndaş cəmiyyəti institutlarının qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir.
Ölkədə genişlənən rəqəmsal transformasiya prosesləri fonunda dövlət idarəçiliyində baş verən dəyişikliklər bu sahədə biliklərin hələ də sistemli olmadığını göstərir. Dövlətin əsas fəaliyyət sahələrinin rəqəmsallaşması, dövlətin kibersuverenliyinin təmin olunması baxımından yeni çağırışlar, təhdidlər və risklər yaradır. Məhz buna görə də həm real məkanda, həm də virtual mühitdə Azərbaycanın kibertəhlükəsizliyinin, data suverenliyinin təmin olunması, eləcə də ölkənin kiberimmunitetinin gücləndirilməsi milli maraqların qorunması və texnoloji suverenliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malik məsələlərdir.
Bu kontekstdə ölkəmizdə kibersuverenliyə dair aparılan tədqiqatların, əldə olunan nəticələrin, eyni zamanda, multidissiplinar, elmi-praktiki və konseptual problemlərin ümummilli səviyyədə müzakirəsinin təşkili, bu məsələlərə geniş ictimaiyyətin və müvafiq dövlət qurumlarının diqqətinin cəlb edilməsi son dərəcə vacibdir.