ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. Əvvəlcə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iclasın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Proqram sistemlərinin sintezi üçün intellektual metod və modellərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, predmeti, tədqiqatın məqsədi, obyekti və s. haqqında ətraflı məlumat verib. Tədqiqatçı dissertasiya işinin məqsədinin proqram sistemlərinin (PS) səmərəlilik göstəricilərinin qiymətləndirilməsi, ən yaxşı proqram sistemlərinin seçilməsi və müxtəlif təyinatlı proqram sistemlərinin sintezi üçün intellektual model və metodların işlənməsi olduğunu bildirib.
O, dissertasiya işinin aktuallığını önə çəkərək qedy edib ki, süni intellekt texnologiyalarının tətbiqi intellektual proqram sistemlərinin yaradılmasında yeni perspektivlər açsa da, proqram sistemlərinin ənənəvi üsullarla hazırlanmasında mürəkkəbliklər, səmərəliliyin artırılması və təhlükəsizliyin təmin olunması ilə bağlı problemlər hələ də mövcuddur: “Bu baxımdan, yüksək səmərəliliyə malik proqram sistemlərinin işlənməsində intellektuallığın rolunun artması, proqram sistemlərinin sintezi üçün proqram vasitələrinin azlığı və onların səmərəli istifadəsi problemləri mövzunun elmi və praktiki aktuallığını şərtləndirən amillərdir”.
Dos. Ş.Mahmudova dissertasiya işi çərçivəsində aparılan tədqiqatlardan bəhs edərək TOPSIS əsasında proqram sistemlərinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi və ən yaxşı PS-nin seçilməsi üçün metodun işləndiyini, Analytic Hierarchy Process (AHP) metodunu tətbiq etməklə proqram sisteminin funksionallığının qiymətləndirilməsi, Vikor (abreviatura) metodunu tətbiq etməklə proqram sisteminin etibarlılığının yüksəldilməsi üçün alqoritmin işləndiyini, proqram sisteminin layihələndirilməsində istifadə olunan alqoritmin optimallaşdırılmasında qarışqa alqoritminin tətbiq edildiyini bildirib.
“Tədqiqat çərçivəsində süni immun sistemləri əsasında proqram sisteminin kibertəhlükəsizliyini təmin etmək üçün alqoritm işlənilmişdir. Əsas məqsəd hər hansı PS-nin kibertəhlükəsizliyini təmin etmək üçün Bayes metodu tətbiq edilmiş PS-ni əlavə etməklə onun immun sistemini möhkəmləndirməkdir. Buda proqramın səmərəliliyini artırır və onun həyat dövrünü uzadır”, – deyə dos. Ş.Mahmudova əlavə edib.
Eyni zamanda dissertasiya işində proqram sisteminin təhlükəsizliyinin təmin olunması üsulları müqayisəli təhlil edilmiş, fərdi məlumatların proqram vasitələri ilə qorunması üsulları araşdırılmış və müqayisəli təhlili aparılmışdır. Bayes metodunu tətbiq etməklə proqram sisteminin süni immunitetlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün alqoritm işlənmişdir, ontologiyanın köməyi ilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sistemi hazırlanmışdır.
Dissertasiya işi üzrə əldə olunmuş əsas elmi nəticələrdən bəhs edən dos. Ş.Mahmudova proqram sisteminin rahatlığını təmin edən göstəricilərin qiymətləndirilməsi üçün model və alqoritmlər işlənmişdir. Big Data analitik platformasında proqramlaşdırma dillərindən səmərəli istifadə etmək üçün üsullar tədqiq edilmiş, onların əsas xüsusiyyətləri araşdırılmış və səmərəlilik göstəricilərinin artırılması üçün alqoritm işlənmişdir.
Məruzəçi bildirib ki, tədqiqatın nəticələri 8-i Web of Science, 10-u Scopus bazasında olmaqla 27 məqalədə, o cümlədən 4-ü Web of Science və 4-ü Scopusda olmaqla 20 konfrans materialında, ümumilikdə 55 nəşrdə öz əksini tapmışdır. İş çərçivəsində 3-ü Web of Science və 3-ü Scopus-da olmaqla 6 kitab fəsli nəşr olunmuşdur.
Sonra dissertasiya işi ilə bağlı geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb, doktorluq işinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələr səsləndirilib.
Sonda akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi üzrə alınmış nəticələrə münasibətini bildirib, aparılan tədqiqatların elmi-nəzəri əhəmiyyətini vurğulayıb. Mövzunun aktuallığını önə çəkən alim müasir dövrdə intellektual proqram sistemlərinin yaradılması və layihələndirilməsi problemlərinin dərindən tədqiq olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik Rasim Əliquliyev proqram sistemlərinin etibarlılığının yüksəldilməsində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu qeyd edib, həmçinin dissertasiya işi ilə bağlı səsləndirilən irad və tövsiyələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.