AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 20-22 noyabr 2025-ci il tarixlərində Türkiyənin Konya şəhərində keçirilən Beynəlxalq Mühəndislik Texnologiyaları Konfransında “The International Conference on Engineering Technologies (ICENTE’2025)” əsas məruzəçi (keynote speaker) qismində çıxışına görə sertifikatla təltif edilib.
Konfransda F. Abdullayeva “Bulud sistemlərinin kbertəhlükəsizlik problemləri və onların həlli yolları” (Cyber security issues of cloud systems and their solutions) mövzusunda çıxış edərək rəqəmsal transformasiyanın əsas komponenti olan bulud texnologiyalarının milli kibertəhlükəsizlik və rəqəmsal suverenliyin təmin olunması baxımından strateji əhəmiyyətindən danışıb. Ənənəvi kiberhücum aşkarlama üsullarının müasir bulud sistemlərində təsirsiz olduğunu və bu problemə yeni yanaşmaların tələb edildiyini vuğulayıb. Tədqiqatçı qeyd olunan problemlərin həlli məqsədilə işlənmiş model və metodlar haqqında da ətraflı məlumat verib.
F. Abdullayeva metodların beynəlxalq standart məlumat bazaları üzərində sınaqdan keçirildiyini və mövcud ən yaxşı üsullarla müqayisədə üstün nəticələr göstərdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu tərəfindən (Qrant № 01LR-EF/2024) maliyyələşdirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.