Bibliometrik xəritələrin tərtib olunmasının metodoloji əsasları işlənilir

16 Yanvar 2015 - 17:31 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında çıxış edən institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova “Bibliometrik xəritələrin hazırlanmasının metodoloji əsasları” mövzusunda məruzəni təqdim etdi.

Bibliometrik xəritələrin hazırlanması prosesini diqqətə çatdıran məruzəçi bibliometriyanın ixtiyari tip verilənləri kəmiyyət baxımından öyrənən elm sahəsi olduğunu söylədi. Bildirdi ki, elmin biblioqrafik xəritələndirilməsi biblioqrafik verilənlərdən istifadə etməklə elmi ədəbiyyatın vizual təsviri üçün hesablama üsullarıdır. Onun sözlərinə görə, bibliometrik xəritələr verilmiş elmi istiqamətin ən aparıcı mövzularını müəyyənləşdirməyə və bu mövzuların bir-biri ilə əlaqələndirilmə formaları və nəzərdən keçirilən elmi istiqamətin müəyyən müddət ərzində inkişaf dinamikasını aydınlaşdırmağa imkan verir.

N.İsmayılova qeyd etdi ki, bibliometrik xəritələrin tərtib olunmasının əsas məqsədi konkret istiqamət üzrə elmi ədəbiyyatın icmalının vizual təsvirinin yaradılmasıdır: “Bibliometrik xəritələrin qurulması obyektlərin seçilməsi, obyektlərarası münasibətlərin ölçülməsi, münasibətlərin qiymətlərinin normallaşdırılması, xəritələrin tərtib olunması və demonstrasiyası mərhələlərindən ibarətdir”.

Bibliometrik xəritələrin tərtib olunması üçün mövcud proqram məhsulları, kompüter elmləri istiqamətində Azərbaycanda nəşr olunan əsərlərin və onların istinadlarının paylanması və dinamikası haqqında danışan məruzəçi Azərbaycanın 2011-2012-ci illər üzrə bibliometrik xəritəsini də təqdim etdi. O, həmçinin istiqamətin avtomatik təyini zamanı bir çox hallarda linqvistik və statistik yanaşmaların birləşdirilərək yeganə hibrid halında istifadə olunduğunu söylədi.

Tədbirdə texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Firudin Ağayev, Bikəs Ağayev, Şəfəqət Mahmudova və sektor müdiri Xatirə Cabbarzadə çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.