ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparan şöbənin 2025-ci ilin birinci yarısı üzrə hesabatı müzakirə olunub.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi struktur bölmədə cari ilin yarımillik dövrü ərzində elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.
Dos. M.Hacırəhimova “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılmış tədqiqatlardan bəhs edib. O, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin, o cümlədən e-dövlət reyestrlərində toplanmış məlumatlar əsasında intellektual potensialın müxtəlif göstəricilər üzrə dinamikasının tədqiqi və proqnozlaşdırılması alqoritmin işlənməsi istiqamətində çap olunmuş elmi nəşrləri diqqətə çatdırıb.
M.Hacırəhimova şöbədə həmçinin Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri ilə bağlı tədqiqatların aparıldığını qeyd edib. Bu məqsədlə “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə süni intellekt texnologiyalarının neft-qaz çıxarma sənayesində tətbiqi vəziyyətinin analiz olunduğunu, neft yataqlarının neftvermə əmsalının proqnozlaşdırılması üçün maşın təlimi metodunun işlənildiyini diqqətə çatdırıb.
Şöbə müdiri “E-dövlət platformasında Azərbaycanda intellektual potensialın əmək observatoriyasının formalaşdırılması problemlərinin araşdırılması” mövzusu üzrə tədqiqatların davam etdirildiyini, bu istiqamətdə Azərbaycanın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərə olan tələb və təklifin mövcud vəziyyətinin analiz edildiyini, o cümlədən intellektual potensial üçün əmək observatoriyasının konseptual və arxitektur-texnoloji əsaslarının işlənməsi ilə bağlı tədqiqatların aparıldığını vurğulayıb.
Məruzəçi cari ilin birinci yarısında şöbənin əməkdaşları tərəfindən “Rəqəmsal platformada milli intellektual potensialın qiymətləndirilməsi metodunun işlənməsi”, “İntellektual insan resurslarının miqrasiyası məsələləri”, “Azərbaycan Respublikasında elmi kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi”, eləcə də “İnformasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının strateji idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” və “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” mövzuları üzrə tədqiqatların davam etdirildiyini bildirib.
Dos. M.Hacırəhimova cari ilin ilk yarımilliyi ərzində Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda çap olunmuş məqalələr haqqında məlumat verib.
Şöbə rəhbəri həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği istiqamətində görülmüş işlərdən bəhs edib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin yarımillik hesabatı ilə bağlı irad, təklif və tövsiyələrini bildirib. O, şöbədə həyata keçirilən tədqiqat istiqamətlərinin əhəmiyyətini qeyd edərək, Big Data analitikası və Data Mining problemləri ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsinin, bu istiqamətdə innovativ yanaşmaların tətbiqinin zəruriliyini vurğulayıb. Akademik, həmçinin gənc tədqiqatçıların elmi potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.