İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada dil müxtəlifliyinin qorunması aktual məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan e-dövlət platformasında Azərbaycan dilinin qorunması məsələləri mühüm tədqiqat istiqamətlərindən biridir.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron dövlət platformasında Azərbaycan dili ekosisteminin konseptual modeli” adlı məqalə İspaniyanın Pablo de Olavide Universitetin “Comparative Cultural Studies: European and Latin American Perspectives” tematik jurnalında nəşr olunmuşdur. Jurnal ERIH PLUS, Latindex bazalarında indeksləşir.
Məqalədə elektron dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşdırılmasının konseptual əsasları tədqiq olunmuşdur. Rəqəmsal əsrdə dünya xalqlarının dillərinin vəziyyəti və eləcə də, onlayn mühitdə Azərbaycan dilinin problemləri analiz edilmiş və təkliflər verilmişdir.
Həmçinin e-dövlətdə dil müxtəlifliyinin qorunması və linqvistik texnologiyaların tətbiqi imkanları tədqiq olunmuşdur. Onlayn platformada Azərbaycan dili ekosisteminin yaradılmasının konseptual modeli təklif olunmuş, e-dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşdırılmasına dair yanaşmalar verilmiş və linqvistik texnologiyaların tətbiqi ilə həlli nəzərdə tutulan kompleks məsələlər göstərilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.