Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12 İyun 2025 - 11:02 | Konfranslar, İclaslar
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi (üçüncü və dördüncü fəsillər üzrə) çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov məruzəni təqdim edərək dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələrini təqdim edib. Tədqiqatçı Windows və Android əməliyyat sistemləri mühitində zərərli proqramların və zərərli proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodlarının işlənildiyini, təsvirlər əsasında zərərli proqramların aşkarlanması üçün transfer öyrənmə yönümlü klassifikasiya modelinin işləndiyini, təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modelinin işlənildiyini və artırılmış verilənlər üzərində maşın öyrənmə modellərinin yoxlanıldığını diqqətə çatdırıb.

E.Bağırov dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramlar və onların təbiəti, aşkarlanmaqdan yayınma üsulları tədqiqi istiqamətində təhlil aparılmış, boşluqlar aşkar edilmiş, zərərli proqramların aşkarlanması ilə bağlı Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları araşdırılmış, aparılmış tədqiqatların illər üzrə trendi şərh edilmiş, bir sıra çatışmazlıqlar müəyyən edilmişdir. Həmçinin dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üç mərhələli ümumi arxitektura təklif edilmiş, modelin qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün yanaşma işlənmişdir. Təklif edilmiş arxitekturada aşkarlama modelinin real mühitdə tətbiqi zamanı izaholunma qabiliyyətinin yoxlanılması və monitorinqi nəzərə alınmışdır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra çıxş edən akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqat işinin aktual elmi problemlərə həsr olunduğunu, əsaslı tədqiqatların aparıldığını qeyd edib. Akademik R.Əliquliyev səsləndirilən təkliflər nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə keçirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.