“Kompüter elmləri” ixtisası üzrə yeni təhsil proqramlarının hazırlanması istiqamətində müzakirələr aparılıb

14 Mart 2025 - 09:48 | Mühüm hadisələr

 

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları qrupunun “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun iclası keçirilib.

Hibrid formatda keçirilən tədbirdə Təbiət ixtisasları qrupunun həmsədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Alt İşçi Qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan akademik Rasim Əliquliyev təbiət ixtisasları təsnifatına daxil olan “Kompüter elmləri” ixtisası üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.

Akademik R.Əliquliyev IV Sənaye İnqilabının yaratdığı reallıqların nəticəsi olaraq, hazırda rəqəmsal texnologiyaların əmək bazarında bir çox sahələrə nüfuz etdiyini, bunun yeni ixtisasların yaranması ilə yanaşı, bəzi peşələrin sıradan çıxmasına da səbəb olduğunu bildirib. Bu baxımdan ölkəmizdə dünyanın qlobal çağırışlarına adekvat insan resurslarının yetişdirilməsi istiqamətində yeniliklərin tətbiqinə zərurət yarandığını bildirən alim Azərbaycanda kadr potensialının əmək bazarının yenilənən tələblərinə uyğunlaşması ilə bağlı əhəmiyyətli islahatların həyata keçirildiyini, müxtəlif elm sahələri üzrə ixtisaslara yenidən baxılması istiqamətində müvafiq qurumlar qarşısında konkret vəzifələrin qoyulduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmri ilə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə Komissiyanın yaradıldığını diqqətə çatdırıb. Akademik R.Əliquliyev Komissiyanın Təbiət ixtisasları qrupunun hər bir ixtisası üzrə alt işçi qruplarının yaradıldığını qeyd edərək bu qrupların tərkibinə ölkənin müxtəlif ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, eləcə də dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislərin daxil edildiyini diqqətə çatdırıb.

Alim hazırda ölkəmizdə “Kompüter elmləri” ixtisası üzrə tədrisin 22 ixtisaslaşma əsasında həyata keçirildiyini bildirərək, bu ixtisaslaşmaların yeni siyahısının tərtib olunması zamanı Azərbaycanın milli maraqlarının, o cümlədən dünyanın aparıcı ali təhsil müəssisələrinin təcrübəsinin nəzərə alınmasının vacibliyini qeyd edib. Həmçinin kompüter elmləri ilə tibb, biologiya, kimya, geologiya, dilçilik və digər elmlər arasında körpü yarada biləcək innovativ təfəkkürə malik yüksəkixtisaslı kadrların yetişdirilməsinin son dərəcə vacib olduğunu qeyd edərək, bu istiqamətdə peşəkar mütəxəssislərin hazırlanması üçün siyahıya yeni ixtisaslaşmaların əlavə olunmasının əhəmiyyətinə toxunub.

İclasda çıxış edən “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev müvafiq istiqamət üzrə təhsil proqramına daxil olan ixtisaslar haqqında məlumat verib, təklif və tövsiyələrini səsləndirib. R.Alıquliyev yeni təhsil proqramlarının tərtib edilməsinin gənc kadrların müasir əmək bazarının tələblərinə uyğun fəaliyyət göstərmələri baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.

Daha sonra çıxış edən “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun üzvləri və digər məsul şəxslər magistratura səviyyəsində tədris proqramının məzmununun yenidən işlənilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.