AR ETN İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Society” elmi-praktiki jurnalı İslam Dünyası Elm və Texnologiya Monitorinqi və İstinad İnstitutunun (Islamic World Science & Technology Monitoring and Citation Institute, ISC) elmi bazasına daxil edilib. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, məsul redaktoru isə texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.
Qeyd edək ki, hazırda dünyada üçüncü ən böyük indeksləşdirmə sistemi kimi (Institute for Scientific Information (ISI) və Scopus-dan sonra) fəaliyyət göstərən ISC ölkələrin akademik təsisatlarının nəşrlərini, elmi əsər və jurnallarını etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edir.
ISC 2008-ci ilin oktyabr ayında Bakıda keçirilən İslam ölkələri təhsil nazirlərinin IV iclasında təsdiq edilmişdir. 2009-cu ildən etibarən Scopus bazası ilə əməkdaşlıq edən ISC-nin nəşrləri bu nüfuzlu beynəlxalq bazada indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.