AMEA-da yaşıl transformasiyaların aktual elmi-praktiki problemləri müzakirə olunub

03 Oktyabr 2024 - 10:44 | Konfranslar, İclaslar

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri Bölmələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29”a həsr olunmuş birgə toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Bakıda keçiriləcək dünya miqyaslı COP29 kimi mühüm konfransın əhəmiyyətindən danışıb. Ölkə başçısının apardığı siyasətə müvafiq olaraq Azərbaycanda yaşıl hərəkata başlanıldığını deyən akademik İsa Həbibbəyli bu innovasiyaların cəmiyyətin bütün sahələrini əhatə etdiyini, elm sahəsində isə prioritet istiqamətlərin inkişafına böyük təkan verdiyini bildirib. Qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində AMEA-da da silsilə tədbirlər təşkil olunur, kitab və monoqrafiyalar hazırlanır.

AMEA rəhbəri Akademiyanın bütün bölmələrində müvafiq istiqamətlərdə geniş müzakirələrin aparıldığını, alim və ziyalılarımızın aktual elmi problemlərin həllində yaxından iştirak etdiklərini, COP29-a və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfələr verdiklərini bildirib. Həmçinin bu birgə toplantının Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib.

Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev “Yaşıl və rəqəmsal transformasiyaların qarşılıqlı təsirlərinin pozitiv və neqativ aspektləri” mövzusunda çıxış edib. Azərbaycanda informasiya cəmiyyətinin,  sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edib. Ölkəmizdə yaşıl və rəqəmsal  transformasiyaların inkişafı, eyni zamanda ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən, qəbul edilən fərman və sərəncamlardan, mühüm sənədlərdən bəhs edib.  Bu il COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarı ölkəmizdə Prezident İlham Əliyev tərəfindən yaşıl cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən siyasətin  real nəticəsi kimi qiymətləndirib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin müvafiq dövlət qurumları, həmçinin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Rəqəmsal transformasiyanın ekosistemə neqativ təsirlərindən bəhs edən akademik Rasim Əliquliyev informasiya cəmiyyətinin enerji mənbəyinin – elektrik enerjisi olduğunu, elektrik enerjisi təminatının olmadığı təqdirdə, informasiya cəmiyyətinin də mövcud olmadığını söyləyib. Alim bildirib ki, neqativ təsirlərə həmçinin elektron tullantılar, batareyalar, akkumlyatorlar, fasiləsiz olaraq generasiya olunan informasiya seli – Big data və s. amillər aiddir.

Akademikin sözlərinə görə, rəqəmsal texnologiyaların yaşıl transformasiyalara pozitiv  təsirlərinə isə kağız informasiya daşıyıcılarından elektron texnologiyalara keçid, rəqəmsal dövlət, İnternet, peyk texnologiyaları, yaşıl rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və s. daxildir.

“Yaşıl rəqəmsal texnologiyalarla bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir” – deyən akademik institutda Big Data resurslarının paralel emalı modelləri, optimal bulud sistemlərinin sintezi, yaşıl proqram sistemləri, smart-rəqəmsal dövlət arxitektur həlləri, yaşıl rəqəmsal iqtisadiyyatın formalaşması modelləri, Industry 4.0 platformasında milli radiasiya təhlükəsizliyi sisteminə dair araşdırmaların aparıldığını diqqətə çatdırıb. 

AMEA-nın akademik-katibi akademik Arif Həşimov “COP 29-a hazırlıq: bərpa olunan enerji mənbələrinin COP 28-in nəticələri baxımından inkişaf perspektivləri” mövzusunda məruzəsini təqdim edib. Akademik əvvəlcə hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP1-C0P28) dair hazırlanmış geniş icmal haqqında məlumat verib.

AMEA-nın akademik-katibi çıxışı zamanı hazırda müşahidə olunan iqlim dəyişikliyinin  səbəb və  nəticələri, qalıq yanacaqlar - kömür, neft və qazın qlobal iqlim dəyişikliyinə təsiri, planetin sürətlə istiləşməsi problemlərindən də söz açıb. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, yarana biləcək problemlər və gözləntilər haqqında məlumat verib.

ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov “Süni intellekt metodlarına əsaslanan Sənaye İdarəetmə Sistemləri və ətraf mühitin qorunmasına təsiri” mövzusunda məruzəsini təqdim edərək institutda süni intellekt metodlarına əsaslanan SCADA tipli milli intellektual sənaye idarəetmə sisteminin işlənildiyini diqqətə çatdırıb, sistemin tətbiq sahələrindən danışıb. Eyni zamanda bu elmi müəssisədə aparılan tədqiqatlar, təcrübə-konstruktor işləri və hazırlanan tətbiqlər haqqında ətraflı məlumat verib.

İntellektual idarəetmə sisteminin həyata keçirilməsindən danışan akademik Əli Abbasov nəticədə neftçıxarmanın məhsuldarlığının artdığını, sistemin erkən diaqnostikasının, onun işinin etibarlılığının təmin edildiyini, elektrik enerjisinə qənaət olunduğunu qeyd edib. Həmçinin bildirib ki, bu sistem ətraf torpaqların radioaktiv tərkibli lay suları ilə çirklənməsinin qarşısını alır və ekoloji təmiz mühit yaranır.

COP 29 və Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran vəzifələr haqqında ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov danışıb. O, noyabrın ayında keçiriləcək COP29 tədbirinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu fürsətdən istifadə edərək ölkəmizi tanıtmaq və təbliğ etmək baxımından hər bir vətəndaşın qarşısında mühüm vəzifələrin dayandığını söyləyib. AMEA-nın müxbir üzvü qeyd edib ki, bu mötəbər tədbir dövlətimizin sülhsevər ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

Professor Misir Mərdanov çıxışının sonunda AMEA-da alternativ enerji mənbələrinin axtarılması, aşkar olunması və mövcud enerji mənbələrindən optimal, səmərəli istifadə məsələlərinin tədqiqi ilə məşğul olan elmi mərkəzin yaradılması ilə bağlı təklif irəli sürüb. Həmin mərkəzə ölkəmizdə və xaricdə fəaliyyət göstərən alimlərin cəlb olunmasının önəmini qeyd edən alim Riyaziyyat və Mexanika İnstitutunun da mərkəzin işində yaxından iştirak etməyə hazır olduğunu bildirib.

Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru professor Bəhram Əliyev “Ekologiyanın müasir problemləri və onların həlli yolları” mövzusunda məruzəsində bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri olan iqlim dəyişmələrindən danışıb. Bildirib ki, iqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspert qrupunun qiymətləndirmələrinə görə, son 100 ildə Yer kürəsində orta tempuratur 0,8 dərəcə artmışdır. COP 29-un iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar etdiyini bildirən professor B.Əliyev bu tədbirin mühüm nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.

Alimin sözlərinə görə, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda işğaldan azad olunmuş torpaqlarda yaranmış müxtəlif ekoloji problemlərin aradan qaldırılması istiqamətində elmi-tədqiqat işləri aparılır, müəyyən nəticələr əldə olunur. Dünya siyasətinin əsas istiqamətlərindən birinin də alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı olduğunu deyən institut direktoru respublikamızda bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Tədbirdə AMEA-nın müşaviri akademik Adil Qəribov müasir dövrdə yaşıl energetikanın tədqiqinin elmi-texniki problemlərindən danışıb. Alim müasir dövrdə Yer atmosferinin tərkibinin günəş şüalarının udulması, əks olunması və onlarla əlaqəli istilik effektlərində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, texnoloji inqilablar nəticəsində atmosferdə karbon qazından başqa ozon, metan və digər qaz tullantılarının miqdarı da artıb. Atmosferdə istixana qazlarının qatılığının artması nəticəsində yer səthinin temperaturu yüksəlib.

Alim Azərbaycanda karbon emissiyasını azaltmaq üçün çox mühüm layihələrin həyata keçirildiyini,  alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinə xüsusi yer verildiyini diqqətə çatdırıb. “Planetimizdə atmosfer havası daimi yerini dəyişdiyindən və bu problem qlobal xarakter daşıdığından yaşıl dünyanın formalaşdırılması son dərəcə zəruridir. Odur ki, bütün dünya ölkələri müvafiq sahədə qəbul edilən beynəlxalq konvensiyalar, konfrans qərarlarının həyata keçirilməsində fəal iştirak etməlidir”, – deyə A.Qəribov bildirib.

ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iqlim dəyişmələrinə qarşı azkarbonlu radiasiya texnologiyaları barədə məlumat verib. İqlim dəyişmələrinin başlıca mənfi təsirlərindən söz açan məruzəçi buraya kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi – artan torpaq eroziyaları, su qıtlığı təhlükəsinin artması – quraqlıq, eko-sistemlərin məhv olması, insan sağlamlığına risklərin artması və s. aid olduğunu söyləyib. Onun sözlərinə görə, iqlim riski, ekstremal hava hadisələrinin birbaşa nəticələrinə – ölümlərə və iqtisadi itkilərə olan həssaslığı əks etdirir.

Professor İ.Mustafayev mövcud problemlərin həlli istiqamətində bir sıra təkliflər də səsləndirib. İqtisadiyyatda azkarbonlu texnologiyaların tətbiqi, enerji balansında günəş, külək, su və nüvə enerjisi kimi azkarbonlu enerji mənbələrinin artırılması, sənayedə enerjitutumlu sahələrdə azkarbonlu texnologiyaların tətbiqi və s. kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

ETN Coğrafiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Rauf Qardaşov süni intellektin yaşıl enerji sahəsində tətbiqi perspektivlərindən söz açıb. Bildirib ki, hazırda bəşəriyyət qlobal iqlim dəyişmələri, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və sağlamlıq kimi bir-biri ilə sıx əlaqəli olan qlobal çağırışlarla üz-üzədir: “Bu problemlərin həlli üçün dünyanın hər yerində bərpa olunan enerji mənbələrindən istifadəyə keçid sürətləndirilməlidir. Bu keçidi effektiv və optimal şəkildə  həyata keçirmək yalnız intellektual idarəetmə metodlarının və süni intellektin tətbiqi ilə mümkündür”.

Professor R.Qardaşovun sözlərinə görə, süni intellekt üsulları, günəş panellərinin və külək turbinlərinin yerləşdirilməsi və idarə edilməsini ətraf mühit şəraitinə əsasən optimallaşdıraraq onların səmərəliliyini artırır. Bu tətbiqlər şəbəkə operatorlarına təklif və tələbi daha səmərəli şəkildə balanslaşdırmağa kömək edir.

“Ətraf mühit stres amillərinin canlı sistemə mənfi təsiri mexanizmləri” mövzusunda məruzəni ETN Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov təqdim edib. O, iqlim dəyişmələrinin bütün Yer kürəsini əhatə edən qlobal problem olduğunu və onu əsasən qlobal parametrlərdən biri olan karbon qazının miqdarı ilə əlaqələndirildiyini qeyd edib. Bildirib ki, müasir dövrümüzdə tullantı olaraq karbon qazı əmələ gətirməyən, yaxud da karbon qazı tullantısının miqdarını kəskin azalda bilən texnologiyalar inkişaf etməkdədir.

Professor O.Qasımov bildirib ki, karbon qazının miqdarının artması ilə ətraf mühitin temperaturunun çoxalması mexanizmləri başadüşüləndir. “Lakin karbon qazının artması ilə yeni spesifik problemlər yaranır. İnsan  sağlamlığına karbon qazının yaratdığı fəsadları nəzərə almasaq, bu problem tədricən artıb fəlakət nöqtəsinə yaxınlaşacaq” – deyə məruzəçi əlavə edib.

ETN Neft və Qaz İnstitutunun şöbə müdiri professor Fəxrəddin Kərimov “Azərbaycanda iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının tutulması, yığılması və metanol/karbamid istehsalında istifadə edilməsi Layihəsi”nin idarə olunmasında süni intelləktdən istifadə problemləri ilə bağlı çıxış edib. O, “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsi tərəfindən aparılan elmi-tədqiqat işləri haqqında məlumat verərək qeyd edib ki, iri sənaye müəssisələrindən atmosferə atılan COqazının tutularaq saxlanması və gəlcəkdə faydalı istifadəsi məsələləri araşdırılmışdır.

F.Kərimov bu istiqamətdə şöbə tərəfindən beynəlxalq təcrübələrin öyrənildiyini, xaricdə işlənən layihələr və tətbiqlər haqqında məlumatların toplanaraq təhlil edildiyini qeyd edib. Bildirib ki, tədqiqat çərçivəsində Azərbaycanda təbii qazdan istifadə etməklə enerji istehsal edən iri müəssissələr təyin edilmiş, onlardan atılan CO2 qazının inventarlaşdırılması aparılaraq həcmləri hesablanmışdır.

O, həmçinin birbaşa qlobal iqlim dəyişmələrinə mənfi təsirin azalmasına xidmət edən layihələrin işlənildiyini vurğulayıb. 

İclasda ETN Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fazil İsmayılovun həmmüəllifi olduqları “Azərbaycan ərazisində ekoloji və iqlim şəraitinin kosmik monitorinqi” mövzusunda birgə məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, kosmik monitorinq məlumatları müxtəlif ekoloji və klimatoloji problemlərin həlli, təbii mühitin mövcud vəziyyətini və dəyişkənliyini öyrənmək üçün zəruri olan Coğrafi İnformasiya Sisteminin (CİS) vacib hissəsini təşkil edir. CİS ətraf mühit haqqında bütün növ məlumatların yaradılması, idarə edilməsi, təhlili və xəritələşdirilməsi üçün istifadə olunan texnologiyadır. 

Həmçinin qeyd olunub  ki, kosmik monitorinqin inkişafının cari və perspektivli istiqamətləri əsasən təbii mühitin, antropogen obyektlərin və hadisələrin məsafədən monitorinqinin geniş regional problemlərinin həlli, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması imkanları ilə bağlıdır. Bu baxımdan regional kosmik sistemlərin və məsafədən zondlama texnologiyalarının praktiki istifadəsi məsələləri fundamental aktuallıq kəsb edir.

ETN Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov Yer qabığında yüksək dəqiq temperatur müşahidələri ilə bağlı məruzəsini təqdim edib. O, çıxışı zamanı geotermik məlumat bazası və onun köməyilə alınan nəticələr, geotermiyada termometrlərə yeni tələblər haqqında məlumat verib. Eyni zamanda Cənubi Xəzər hövzəsi və Azərbaycan ərazisi üzrə geotermik məlumatların statistik xülasəsini təqdim edib. Qeyd edib ki, buraya süxurlarda istilik generasiyası məlumatları, süxurların istilik xüsusiyyətləri, temperatur və geotermik qradiyent, istilik seli və s. aiddir.

Məruzəçi geotermal məlumat bazasının köməyilə alınan nəticələrdən də danışıb, Azərbaycan ərazisində “Neytral qat”ın temperaturu və horizontal qradiyentlərin paylanmasına dair tərtib edilmiş xəritələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert Çingiz Məmmədov da çıxış edərək toplantının iqlim dəyişmələrinə dair müxtəlif mövzularda müzakirələrin aparılması və səmərəli nəticələrin əldə olunması baxımından əhəmiyyətindən danışıb.

O, Azərbaycanın bütün yaşayış məntəqələri, rayon və kəndlərində mövcud olan məişət tullantılarının ekologiyamız üçün böyük problemlər yaratdığını vurğulayıb, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin son dərəcə vacib olduğunu qeyd edib. Həmçinin ətraf mühitin çirklənməsinin qarşısının alınması və məişət tullantılarının zərərsiz hala gətirilməsinə dair bir sıra təkliflər səsləndirib.

Sonda tədbirə yekun vuran akademik İsa Həbibbəyli dinlənilən məruzələrin qlobal çağırışlara, dünya elminin tələblərinə cavab verən mühüm problemlərə həsr olunduğunu vurğulayıb. AMEA rəhbəri COP29-un çağırışları, ölkə başçısının qarşıya qoyduğu məsələlər və süni intellektlə bağlı aktual elmi mövzuları əhatə edən toplantının həm də alimlərin həmrəyliyi, ortaq layihələrin ərsəyə gəlməsi və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.