İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “Biznes və menecment” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri imtahan veriblər. İmtahanda tələbələrin “Veb dizayn (HTML/CSS, JAVASCRİPT)” fənni üzrə bilik və bacarıqları qiymətləndirilib.
İnstitutun alim və mütəxəssislərindən ibarət imtahan komissiyanın sədri TİM-in rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, komissiya üzvləri – şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və baş mütəxəssis Raqif İsmayılovdur.
Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bağlanmış müqaviləyə əsasən, TİM-də bu ali məktəbin tələbələrinə institutun mütəxəssisləri tərəfindən “Veb dizayn (HTML/CSS, JAVASCRİPT)” fənni ilə yanaşı, “Phyton proqramlaşdırma dili”, “Kompüter qrafikası” və s. fənlərin tədrisi və onların biliklərinin yoxlanılaraq qiymətləndirilməsi həyata keçirilir. İmtahanda yüksək bal toplayan tələbələr institutun sertifikatını əldə etmək şansı qazanırlar. Əsas məqsəd innovativ modelə əsaslanan əməkdaşlıq əsasında elm və təhsilin inteqrasiyasını sürətləndirmək, qabaqcıl informasiya texnologiyaları sahəsində kompetensiyalara malik kadrlar yetişdirməkdir.
Müqavilə əsasında həmçinin, tələbələr institutun yüksək imkanlara malik olan maddi-texniki bazası və AzScienceNet-in şəbəkə platformasının qabaqcıl xidmətlərindən istifadə etmək imkanına malikdirlər.
Növbəti imtahanların isə 14, 21 və 25 iyun tarixlərində keçirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.