XƏBƏRLƏR

11498

“TransTech Capital” fondunun nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda olublar

17 Dekabr 2014 - 17:00 | Görüşlər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid LivesliMahmud Sinoplu ilə görüş keçirildi. AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə reallaşan görüşdə əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və tədqiqat müəssisələrinin elmi potensialının qiymətləndirilməsi, bu qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması, o cümlədən innovativ layihələrin maliyələşdirilməsinə dəstək vermək olub.

Görüşdə, həmçinin RYTN tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunun müdiri Əkbər Abbasov, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyevVüqar Musayev, şöbə müdirləri Təhmasib Fətəliyev və Mədinə Səidova, sektor müdirləri - texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovaBabək Nəbiyev iştirak edirdilər.

Öncə S.Robeson “MTİ” şirkətinin fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, şirkət Böyük Britaniyanın İKT sahəsində vençur maliyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərdən biridir.

“MTİ”-nin Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayan qonaq son 5 ildə yaradılan startap layihələrinə şirkət tərəfindən 150 milyon funt sterlinqdən çox vəsait cəlb olunduğunu dilə gətirdi.

Şirkətin TTC fondunun Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradıldığını söyləyən S.Robeson bu sahədə qazanılmış təcrübənin Azərbaycanda da tətbiqi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini önə çəkdi.

V.Musayev institutun elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verdi. Bildirdi ki, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə elmi araşdırmalar aparılır.

Sonra institutun əməkdaşları fəaliyyət göstərdikləri şöbələrdə e-dövlət, e-elm, e-tibbin formalaşması problemləri, biometrik texnologiyalarının araşdırılması, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması, süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətlərində aparılan elmi araşdırmalar və həyata keçirilən innovativ layihələri diqqətə çatdırdılar.

R.Alıquliyev e-dövlət mühitində toplanmış məlumatların intellektual analizi, M.Məmmədova e-tibb mühitində formalaşmış verilənlərin intellektual analizi, Y.İmamverdiyev isə nitqin və danışanın identifikasiyası ilə bağlı layihələrin reallaşdırılmasında maraqlı olduqlarını ifadə etdilər.

Əməkdaşlıq əlaqələrinin davam etdirilməsi məqsədilə növbəti görüşün 2015-ci ilin fevral ayında keçirilməsi təklif olundu.

Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.