İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin elmi seminarında “Demoqrafik əlamətlərə görə internet reklam və marketinq prosesinin kompleks analizi” adlı məruzə dinlənilib.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Haşımova alıcıları daha keyfiyyətli potensial müştərilərə çevirə bilən demoqrafik marketinqin imkanlarından bəhs edib. Bildirib ki, reklam və marketinqin uğurlu tətbiqi üçün demoqrafik vəziyyətin analizi müasir dövr üçün aktual və həlli vacib məsələlərdəndir. İstehsalçıların reklama cəlbetmə yollarını düzgün seçməsinin zəruriliyindən danışan K.Haşımova bu zaman tədqiqatçıların kəmiyyət nəzəriyyəsinin qurulmasında demoqrafik istifadə etdiklərini diqqətə çatdırıb.
“Alıcıların yaş qruplarını bilmək reklam və marketinqin təşkilində olduqca əhəmiyyətlidir”, - deyən məruzəçi əlavə edib ki, regionun demoqrafik vəziyyətinə təsir edən sosial-iqtisadi amilləri təhlil edərək, verilmiş nəticələrdən istifadə etməklə doğum və ölüm nisbətlərinin proqnozu həyata keçirilir.
K.Haşımova qeyd edib ki, əhalinin proqnozlaşdırılması üzrə eksperiment nəticəsində korrelyasiya təhlili ümumi doğum və ölüm nisbətlərinə təsir edən bəzi mühüm sosial-iqtisadi amilləri aşkar etmişdir: “Hazırlanmış simulyasiya modeli sosial-iqtisadi amilləri nəzərə almaqla əhalinin sayını proqnozlaşdırmağa imkan verir. Simulyasiya modelləşdirməsi nəticəsində xarici amillərin məhsuldarlığa və ölümə təsir dərəcəsini əks etdirən əmsalların dəyərlərini əldə etmək mümkündür”.
O, bildirib ki, internet məkanında reklam və marketinqin düzgün təşkili ölkənin demoqrafik göstəriciləri və bu göstəricilərin yenilənmə tezliyindən asılıdır. Məruzəçinin sözlərinə görə, reklam və marketinqdə demoqrafik göstəricilərdən istifadə ölkənin bazar iqtisadiyyatına təsir etməklə yanaşı, demoqrafiyanın əsas komponenti hesab olunan əhalinin artması və azalması ilə bağlı proqnozların verilməsi, miqrasiya və mobilliklə bağlı mövcud problemlərin müəyyənləşdirilməsi üçün yeni imkanlar aça bilər.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.