İnstitutun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

24 Oktyabr 2022 - 11:48 | Konfranslar, İclaslar
İnstitutun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bu qurumun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsi haqqında məsələ müzakirə olunub.

İclasda əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının fəaliyyəti haqqında məlumat verilib.

Bu barədə institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva çıxış edərək institutda 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə müdafiəsi keçirilmiş fəlsəfə doktoru dissertasiyaları haqqında məlumat verib.

Dissertasiya Şurasına təqdim edilən işlərin sayı haqqında ümumi məlumat verən məruzəçi bildirib ki, fəlsəfə doktorluğu üçün 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 3, 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 2 dissertasiya işi hazırda icra mərhələsindədir.

Sonra şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova çıxış edərək institutda 2022-ci ildə keçirilmiş və keçirilməsi nəzərdə tutulan elmi seminarlar barədə məlumat verib. Onun sözlərinə görə, cari ilin oktyabr ayına qədər ümumilikdə 17 seminar keçirilib.

O, oktyabr - dekabr ayları ərzində keçirilməsi nəzərdə tutulan seminarlar barədə də məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsində mütəmadi olaraq şöbədaxili seminarların keçirilməsinin rolundan danışıb. Akademikin sözlərinə görə, bu kimi seminarlar, alim və mütəxəssislərin birgə fəaliyyəti dissertasiya işlərinin ərsəyə gəlməsində böyük rol oynamaqla yanaşı, tədqiqatların səmərəliliyini artırır, mühüm elmi nəticələrin əldə olunmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.