“Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransın Bakı Dövlət Universitetində keçirilən “Şəbəkə və telekommunikasiyalar” seksiyasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun “Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik problemlərinin analizi” adlı məruzəsi dinlənilib.
Verilənlərin operativ idarə olunmasının neft və qaz sənayesinin inkişafına təsir edən mühüm istiqamətlərdən biri olduğunu söyləyən məruzəçi öncə cloud computing (bulud hesablama) və fog computing (duman hesablama) haqqında məlumat verib. Bildirib ki, cloud computing şəbəkə mühitində generasiya olunmuş məlumatların emalı və saxlanılması üçün effektiv texnologiya olmasına baxmayaraq şəbəkənin aşağı ötürücülük qabiliyyətinə malik olması səbəbindən böyükhəcmli məlumatların real zaman rejimində ötürülməsində problemlər yaranır.
O, duman hesablama (fog computing) sistemlərinin isə məlumatların daha sürətli emalı məqsədi ilə istifadə edildiyini diqqətə çatdıraraq bu sistemlərdə məlumatların onları generasiya edən qurğuların yaxınlığında yerləşən hesablama qovşaqlarında emal edildiyini, bunun nəticəsində şəbəkə kanalının ötürücülük qabiliyyətində yaranan problemlərin azaldığını qeyd edib.
Sonra neft-qaz sənayesində fog computing-dən istifadənin üstünlüklərini sadalayan tədqiqatçı bildirib ki, neft-qaz sənayesində boru kəmərinin optimallaşdırılması, neft quyularının vəziyyətinin monitorinqi, geolokasiya vasitəsilə heyətin izlənməsi, eləcə də müəyyən təhlükəsizlik amillərinin monitorinqi zamanı bu texnologiyadan istifadə edilir.
M.Həşimov fog computing texnologiyasının kiber-təhlükəsizlik problemlərindən də söhbət açıb. Nəzərə çatdırıb ki, cloud computing sistemləri hesablama mühiti və məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanması səbəbindən bir çox təhlükəsizlik təhdidlərinə qarşı həssasdır, onun geniş versiyası olan duman hesablama sistemləri isə daha təhlükəsiz arxitektur hesab edilir: “Duman hesablamalarda təcavüzkarlar tərəfindən istifadə edilə bilən təhlükəsizlik təhdidlərinə xidmətdən imtina (denial of services - DOS), ortada adam hücumu (man-in-the-middle), qara dəlik hücumu (blackhole attack) və aldadıcı hücumlar (spoofing attack) aiddir”.
Sonda fog computing texnologiyalarında məxfilik problemlərindən bəhs edən məruzəçi bildirib ki, istifadəçi məlumatlarının duman qovşaqları vasitəsilə toplanması, işlənməsi və ötürülməsi zamanı duman hesablama texnologiyalarında məxfilik bir çox cəhətdən narahatlıq doğurur. Duman qovşaqları həssas məlumatları toplamaq üçün son istifadəçilərə daha yaxın olduğundan məxfi məlumatların qorunması daha çətindir. Fog computing mühitində məlumatların kiberhücumlardan qorunması üçün avtorizasiya və autentifikasiya, hiylə metodu, blokçeyn texnologiyası, müdaxilələrin aşkarlanması sistemi, effektiv şifrələmə metodları kimi mövcud mühafizə üsullarından istifadə edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.