AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbirdə mərkəzin rəhbəri Anar Səmidov “GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları” mövzusunda məruzəni təqdim edib.
Öncə o, təmas etmədən və əlaqə olmadan obyekt haqqında məlumatların toplanması və ötürülməsi haqqında elm olan “Remote Sensing” (məsafədən zondlama) texnologiyasının yaranma tarixindən bəhs edib. Bildirib ki, fotoşəklin ixtirası 1839-cu ildə məsafədən zondlamanı mümkün etmişdir. 1950-ci ildə ilk dəfə termin kimi işlədilmiş “məsafədən zondlama” geniş mənada “məsafədən kəşfiyyat” deməkdir. 1860-cı illərdə hava şarlarından yer səthinin fotoşəklini çəkməklə məsafədən zondlama texnologiyasından istifadəyə başlanılmışdır.
“Məsafədən zondlama” termininin müxtəlif təriflərinin mövcud olduğunu bildirən A.Səmidovun sözlərinə görə, məsafədən zondlama hədəfdən müəyyən məsafədə olan qurğu vasitəsilə onun müşahidə edilməsidir. Başqa bir mənbədə məsafədən zondlamanın təmassız sensor sistemlərindən götürülən şəkilləri və rəqəmsal təsvirləri qeyd etmək, ölçmək və şərh etmək vasitəsilə fiziki obyektlər və ətraf mühit haqqında etibarlı məlumat əldə etmək elmi və texnologiyası olduğu qeyd edilir. “Remote Sensing” elektromaqnit şüalanmasından istifadə edərək quş uçuşunun hündürlüyündən alınan şəkillərdən istifadə etməklə yer səthi haqqında məlumat almaq təcrübəsidir.
Sonra mərkəzin rəhbəri GIS (Geographic Information Systems – Coğrafi İnformasiya Sistemləri) texnologiyasından söz açaraq, onun bütün növ coğrafi məlumatları toplamaq, saxlamaq, manipulyasiya, analiz, idarə və təqdim etmək üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Coğrafi İnformasiya Sistemləri əsrlər boyu xəritələrin hazırlanması və məkan məlumatlarının toplanması nəticəsində yaranmışdır. Hazırda geoinformasiya sistemləri iqtisadiyyatın müxtəlif sahələrində bir çox vəzifələrin həllində istifadə olunur. O, məkan məlumatlarının təşkil, təhlil və təqdim edilməsi üçün vasitələrdir. GIS vasitələri mövcud məlumatları konkret layihə məlumatları ilə inteqrasiya etmək üçün də istifadə edilə bilər”.
Məruzəçinin sözlərinə görə, GIS texnologiyası yer seçimi ilə bağlı qərarların qəbul edilməsi imkanlarını genişləndirə biləcək yüksək keyfiyyətli vizuallaşdırma vasitələri təqdim edə bilər. Yerlə bağlı məlumatların təhlili torpaqlardan səmərəli istifadə etməyə, eləcə də daşqın, zəlzələ kimi təbii fəlakətlərin qarşısını almağa imkan verir. GIS texnologiyaları enerji və su istifadəsinin azaldılmasına, tullantıların utilizasiyasının daha səmərəli yollarının axtarılmasına kömək edə, ətraf mühitin və ya kritik vəziyyətin real modelləşdirilməsində istifadə edilə bilər.
A.Səmidov, həmçinin “ağıllı şəhər” konsepsiyasında GIS texnologiyasının tətbiqindən də bəhs edib. Müvafiq konsepsiyanın uğurla həyata keçirilməsi üçün geoinformasiya məlumatlarını idarə edə və vizuallaşdıra bilən rəqəmsal sistemin hazırlanmasının tələb olunduğunu və bu baxımdan Coğrafi İnformasiya Sistemlərinin daha geniş imkanlar təklif etdiyini bildirib. O, geoinformasiya sistemlərinin kənd təsərrüfatı, mühəndislik və geologiya, fəlakətlərin idarə edilməsi, torpaqdan istifadənin monitorinqi, eləcə də milli təhlükəsizlik və s. kimi bir çox sahələrdə tətbiq olunduğunu da diqqətə çatdırıb.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.