TCP və UDP protokolları müqayisəli şəkildə təhlil olunub

20 Aprel 2022 - 10:51 | Konfranslar, İclaslar

Baza səviyyəsində qlobal şəbəkə, əslində müxtəlif kompüterlər arasında sadəcə bir əlaqədir. Bu əlaqə şəbəkə verilənlərinin ötürülməsi protokolları ilə təmin edilir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutun elmi işçisi Kamran Cəfərzadə “TCP və UDP protokollarının müqayisəli təhlili” adlı məruzəni təqdim edərək verilənlərin ötürülməsi protokolları, Open System Interconnection (OSI) modeli, Transmission Control Protocol (TCP), User Datagram Protocol (UDP) protokolları haqqında danışıb.

Məruzəçi qeyd edib ki, protokol qayda, sintaksis, semantika və mövcud xətaların aradan qaldırılması üçün mümkün üsulları müəyyən edir. Protokollar aparat, proqram təminatı və ya hər ikisinin kombinasiyasında həyata keçirilə bilər. Vurğulayıb ki, kompüterlər arasında məlumat mübadiləsi üçün şəbəkə protokolları adlanan məlumatların ötürülməsi və emalı standartları hazırlanıb. “IP, ICMP, TCP, UDP, SMTP, POP/POP3, IMAP, HTTP/HTTPS, FTP, SSH, TELNET və s. ən çox yayılmış protokollar sırasına daxildir”, - deyə əlavə edib.

Sonra o, OSI, yəni Açıq Sistemlərin Etalon Modeli haqqında məlumat verib. Söyləyib ki, 1983-cü ildə Beynəlxalq Standartlaşma İnstitutu tərəfindən yaradılmış qarşılıqlı əlaqəli açıq sistem modeli kompüter şəbəkələrinin əsasını təşkil edir: “Bu model vasitəsilə müxtəlif şəbəkə qurğuları bir-biri ilə qarşılıqlı əlaqədə ola bilər”.

TCP protokolundan bəhs edən tədqiqatçı diqqətə çatdırıb ki, TCP İnternetin əsas məlumat ötürmə protokollarından biri olub etibarsız şəbəkə üzərində etibarlı “end-to-end” bayt axınını təmin etmək üçün nəzərdə tutulub. Onun əsas üstünlüklərinə etibarlı, xətasız olması, eləcə də axın nəzarəti və düzgün ardıcıllığa malik olması aiddir.

“UDP - minimal mesaj yönümlü nəqliyyat səviyyəsinə əsaslanan protokol 1980-ci ildə David P.Rid tərəfindən hazırlanıb və rəsmi olaraq RFC 768 spesifikasiyasında müəyyən edilib”, - deyən K.Cəfərzadə vurğulayıb ki, UDP ilə kompüter proqramları xüsusi ötürmə kanallarını və ya məlumat yollarını qurmaq üçün əvvəlcədən mesaja ehtiyac olmadan IP şəbəkəsi üzərindən digər hostlara mesajlar göndərə bilər. O, əlavə edib ki, bu protokolun əsas üstünlüklərinə yüksək sürət, məhsuldarlıq və sadəlik daxildir.

Daha sonra məruzəçi TCP və UDP protokollarının tətbiq sahələrindən də söhbət açıb. Onun sözlərinə görə, TCP əsasən hərbi xidmətlər, veb-sörfinq və e-poçt kimi təhlükəsiz və etibarlı rabitə prosesinin tələb olunduğu yerlərdə və oyun axını, video, musiqi axını və s. kimi etibarlılığa əhəmiyyət verilmədiyi yerlərdə istifadə olunur.

Sonda K.Cəfərzadə seminar iştirakçılarının suallarını cavablandırıb.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzə ilə bağlı fikirlərini bölüşərək verilənlərin ötürülməsi protokollarına dair araşdırmaların dərinləşdirilməsini tövsiyə edib, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.