Elmi seminar: “Superkompüterlər: iqlim dəyişikliklərinin proqnozlaşdırılması”

12 Aprel 2022 - 16:33 | Konfranslar, İclaslar

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 50 ildə hava ilə bağlı təbii fəlakətlər 5 dəfə artıb. Ümumilikdə, 2020-ci il hava ilə bağlı 5-ci ən pis təbii fəlakət ili olub, qlobal temperatur baxımından həm quruda, həm də okeanda 1880-ci ildən bəri ən isti ikinci il kimi yadda qalıb.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

Şöbənin əməkdaşı Orxan Mehdiyev “Superkompüterlər: iqlim  dəyişikliklərinin proqnozlaşdırılması” mövzusunda məruzə ilə çıxış edərək  rəqəmsal transformasiyanın real vaxt rejimində məlumatların toplanması və təhlili texnologiyaları, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, bulud hesablamaları, eləcə də super hesablamalar məlumatlarının yaradılması, saxlanması, ötürülməsi və emalı sahəsində inqilab etdiyini diqqətə çatdırıb.

“Qlobal istiləşmə və planetdəki insan fəaliyyətinin nəticələri haqqında bütün biliklər superkompüterlərdə əldə edilən nəticələrə əsaslanır”, - deyən tədqiqatçı qeyd edib ki, superkompüterlər Yerin ən dəqiq təsvirlərini çəkir, insanın ətraf mühitə zərərli təsirini üzə çıxarır, eləcə də qasırğaların və digər dağıdıcı iqlim hadisələrinin yollarını proqnozlaşdırmağa imkan verir.

Hava və iqlim proqnozlaşdırılmasının tarixi mərhələlərindən söhbət açan O.Mehdiyev 1860-cı ildən müasir dövrümüzə qədər müxtəlif vaxtlara dair əsas faktları da nəzərə çatdırıb: “1860-cı ildə meteoroloji məlumatlar Londondakı Met Office-ə teleqrafla göndərilib.  1900-1922-ci illərdə rəqəmsal hava proqnozu metodları inkişaf edib. 1960-cı ildə ilk meteoroloji peyk – TIROS 1 izlənilib, 1960-cı illərdə isə iqlim tədqiqatı və proqnozlaşdırılması üçün ümumi dövriyyə modelləri yaranıb.”

“İqlim dəyişikliyini öyrənmək üçün lazım olan məlumatlar bir neçə qrupa bölünür”, - deyən məruzəçi əlavə edib ki, bunlara atmosfer, okeanoqrafik, geoloji, eləcə də flora və fauna məlumatları daxildir.

Tədqiqatçı məlumatların assimilyasiyası modeli haqqında ətraflı məlumat verib, hazırda GEOS-5, MERRA və Goddard proqnozlaşdırıcı modellərindən geniş istifadə olunduğunu söyləyib. Onun sözlərinə görə, ən son model kiçik toz hissəciklərinin atmosferdə necə hərəkət etdiyi, hava və iqlimə necə təsir etdiyi barədə məlumat verir. MERRA modeli isə 30 ildən artıq müddətdə toplanmış bütün peyk məlumatlarından istifadə edir.

O, məlumatın əlçatmaz olması problemlərindən də bəhs edərək bildirib ki, müşahidə məlumatlarının çatışmazlığının və məlumatların keyfiyyəti ilə bağlı problemlərin aradan qaldırılması iqlim proqnozunun davamlı təkmilləşdirilməsi üçün vacibdir. Əlavə edib ki, istehsalçılar üçün ən böyük problemlərdən biri planetə zərər vermədən superkompüterləri quraşdırmaq və onlardan fasiləsiz istifadəni təmin etmək üçün düzgün yol tapmaqdır.

Sonda O.Mehdiyev superkompüterlərin hesablama gücü və yüksək keyfiyyətli müşahidələr hava və iqlim modellərinin təkmilləşdirilməsinə, məkan-zaman ayırdetmə qabiliyyətinin yaxşılaşdırılmasına, fiziki proseslərin daha yaxşı təqdim edilməsinə və məlumatların mənimsənilməsi metodlarının təkmilləşdirilməsinə kömək etdiyini vurğulayıb. Əlavə edib ki, təkmilləşdirilmiş və dəqiq proqnozlar iqtisadiyyatın bir çox sahələrində itkilərin qarşısının alınması, resursların daha yaxşı idarə edilməsi və gəlir əldə etmək imkanlarının artırılması yolu ilə sosial və iqtisadi faydalar yaradır.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov superkompüterlər və iqlim  dəyişikliklərinin proqnozlaşdırılması mövzusunda beynəlxalq təcrübənin araşdırılmasının, məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.