İnstitutda prioritet elmi istiqamətlərdə tədqiqatlar davam etdirilir

18 Yanvar 2022 - 09:41 | Konfranslar, İclaslar
İnstitutda prioritet elmi istiqamətlərdə tədqiqatlar davam etdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının onlayn iclasında elmlər doktorluğuna iddialı olan bir qrup tədqiqatçının dissertasiya mövzuları ilə bağlı müzakirələr aparıldı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, hər bir dissertasiya mövzusunun bütövlükdə ölkənin maraqlarına xidmət etdiyini və böyük elmi əhəmiyyətə malik olduğunu vurğuladı. Alim tədqiqatçıların elmi fəaliyyətinin monitorinqinin aparılması və hesabatların hazırlanmasının vacibliyini vurğulayaraq, onları qarşıya qoyulmuş konkret vəzifələrin icrasında fəal və məsuliyyətli olmağa çağırdı. Qeyd etdi ki, əsas məqsəd tədqiqatçıların elmi fəaliyyətini koordinasiya etmək və institutda aparılan araşdırmaların keyfiyyətini artırmaqdır.

Sonra çıxış edən institutun şöbə müdiri, tex.f.d., dos. Məkrufə Hacırəhimova “Böyük verilənlərin intellektual analizi üçün metod, model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. Bildirdi ki, dissertasiyanın məqsədi optimal qərar qəbul etmək üçün böyük həcmli verilənlərdə gizli qanunauyğunluqların, məlum olmayan korrelyasiyaların və digər faydalı informasiyanın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsidir.

Mövzunun aktuallığından danışan M.Hacırəhimova qeyd etdi ki, verilənlərin böyüməsi, ənənəvi texnologiyaların, mövcud metodların və alqoritmlərin köməyilə verilənlərin toplanılması, emalı, saxlanılması, analizi və analizin nəticələrinin vizuallaşdırılmasının çətin olması, generasiya olunan məlumatların əksəriyyətinin struktursuz olması, verilənlərin real-vaxt rejimində analizi, eləcə də Big data-nın yaratdığı təhlükəsizlik problemlərini aradan qaldırmaq və verilənlərdən faydalı informasiya əldə etmək üçün Big Data Analitikanın tətbiqi zərurəti yaranır.

Tədqiqatçı dissertasiya işində qoyulmuş məsələlərin böyük verilənlərin intelluktual analizi problemlərinin tədqiqi, klasterləşdirilməsi modellərinin işlənməsi, sosial şəbəkə platformalarında mətnlərin analizi üçün model və alqoritmin işlənməsi, sosio-demoqrafik göstəricilərin təsnifatlandırılması və proqnozlaşdırılması modellərinin işlənməsi, o cümlədən böyük verilənlərdə anomaliyaların aşkarlanması metodlarının işlənməsindən ibarət olduğunu diqqətə çatdırdı.

“Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı institutun Tədris-İnnovasiya Mərkəzinin müdiri, tex.f.d. Rəsmiyyə Mahmudova təqdim etdi.

O, dissertasiya işinin əsas məqsədindən fərdin və cəmiyyətin informasiya təhlükəsizliyinin müxtəlif aspektlərdən təhlili əsasında informasiya təhlükəsizliyi mədəniyyətinin yeni konsepsiyasının və qiymətləndirilməsi metodlarının işlənməsi olduğunu bildirdi.

R.Mahmudova mövzunun aktuallığını şərtləndirən məsələlərdən bəhs etdi. Bildirdi ki, informasiya qarşılıqlı əlaqəsinin güclənməsi nəticəsində həm ayrı-ayrı fərdlərin, həm də cəmiyyətin çoxlu sayda müxtəlif təhdidlərə məruz qalması, fərdi məlumatların qorunması, plagiatlıq və intellektual mülkiyyət hüquqlarının qorunması sahəsində problemlərin artması, informasiyanın mühafizəsi probleminin şəxsi, işgüzar və milli prioritet hesab olunması və bunun bu və ya digər dərəcədə cəmiyyətin hər bir üzvünə aid olması, həmçinin bu problemlərin humanitar aspektinin kifayət qədər  araşdırılmaması kimi amillər mövzunun dərindən araşdırılmasını zəruri edir.

O, həmçinin qarşıya qoyulmuş əsas məsələlər, nəşr olunmuş və hazırlanma mərhələsində olan məqalələr barədə ətraflı məlumat verdi.

Sonda hər iki iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.