AzScienceNet elm-kompüter şəbəkəsində bulud xidmətlərinin təşkili məsələləri müzakirə olunub

10 Dekabr 2021 - 12:07 | Konfranslar, İclaslar
AzScienceNet elm-kompüter şəbəkəsində bulud xidmətlərinin təşkili məsələləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tural Mustafayev Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “AzScienceNet elm-kompüter şəbəkəsində bulud xidmətlərinin təşkili məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

O, AzScienceNet şəbəkəsinin AMEA institut və təşkilatlarına göstərdiyi xidmətlərdən olan bulud xidməti barədə məlumat verib. Bu xidmət vasitəsilə istifadəçilərin hesablama və yaddaş resursları ilə təmin edildiyini diqqətə çatdırıb.

“Bulud xidməti əməkdaşlara Data Mərkəzin resurslarından istifadə edərək öz məsələlərini həll etməyə imkan verir”, - deyə qeyd edən məruzəçi bu zaman istənilən əməliyyat sisteminin seçilməsinin mümkün olduğunu bildirib.

AzScienceNet şəbəkəsində  cloud computing və cloud storage xidmətlərinin 2014-cü ildən təqdim olunduğunu vurğulayan T.Mustafayev AMEA-nın bir çox institut və təşkilatının bu xidmətlərdən geniş istifadə etdiyini diqqətə çatdırıb.

Baş mütəxəssis AzScienceNet şəbəkəsinin Verilənlərin Emalı Mərkəzinin imkanlarından bəhs edərək mərkəzin 900 virtual prosessordan və 800 Tbayt yaddaşdan ibarət olan klaster tipli hesablama sistemindən təşkil olunduğunu deyib. Əlavə edib ki, verilənlərin yadda saxlama bloku SAN texnologiyası əsasında qurulub, institut və təşkilatlar yüksək sürətli əlaqə kanalı ilə mərkəzə qoşulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.