İnstitutun baş direktoru və şöbə müdiri GEANT-ın Baş Assambleyasının iclasında iştirak ediblər

27 Noyabr 2021 - 11:57 | Konfranslar, İclaslar
İnstitutun baş direktoru və şöbə müdiri GEANT-ın Baş Assambleyasının iclasında iştirak ediblər

24-25  noyabr 2021-ci il tarixlərdə GEANT-ın Baş Assambleyasının 25-ci onlayn iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitunun baş direktoru, akademik Rasim Əliquliyev və AzScienceNet Şəbəkə İdaretmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.

Hər il olduğu kimi, bu il də iclasda milli, nümayəndə və assosiativ üzvlər iştirak ediblər. Onlayn tədbirə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən 70-dən çox nümayəndə qoşulub.

İclasın birinci günündə İdarə Heyətinə seçkilər keçirilib və nəticələr  açıqlanıb. GEANT Asossiasiyasının direktoru Erik Huizer qeyd edib ki, iclasın gündəliyi İdarə Heyətinin müzakirələri və nümayəndələrin rəylərinə əsasən hazırlanıb.

Tədbirdə iştirakçılara təsdiq olunmuş strategiyaya uyğun olaraq 2022-ci il üçün fəaliyyət  hədəflərinin müəyyən edildiyi sahələr təqdim edilib. Eləcə də üzvlük məsələləri müzakirə edilib və Baş Assambleyanın Nümayəndəlik üzvləri ilə bağlı edilən dəyişikliklər iştirakçıların nəzərinə çatdırılıb.

İclasda Əsas proqramlar üzrə icraçı Metyu Skott GN5 Konsorsium Sazişi  haqqında məlumat verərək qeyd edib ki, Konsorsium Sazişi (CA) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihələrdə tərəfdaşların birlikdə necə fəaliyyət göstərməli olduqlarının əsasını müəyyən edir.

Sonra tədbirdə əvvəlki illər üçün maliyyə icmalı təqdim edilib, eləcə də GEANT Assosiasiyasının 2022-ci il üçün  fəaliyyət  planı və büdcəsi təsdiq edilib. Abunəlik və üzvlük haqqı, xidmətlər siyahısı haqqında məlumat  verilib.

İclasın ikinci günündə əsasən layihələrdə və GEANT İcma Proqramında ən son yeniliklər haqqında məlumat təqdim olunub. İştirakçılar GEANT İcma Proqramı və İnnovasiya Proqramında son yeniliklər haqqında məlumatlandırılıb. 2021-ci il üzrə GEANT İcra Proqramında xüsusi maraq qrupları və keçirilən iclaslar haqqında məlumat verilib.

Daha sonra GN5-1 layihəsinin inkişaf mərhələləri diqqətə çatdırılıb. GEANT İdarəetmə Heyətinin üzvləri Matthev SkotRaymundas Tuminauskas layihənin hazırlanma qrafiki,  işçi paketinin strukturu, işçi paketin rəhbərlərinin seçilməsi prosesini təqdim ediblər.

GN4-3/GN4-3N layihəsində Nəzarət Komitəsinin Yenilənməsi və bu layihələrdə əsas nailiyyətlər haqqında məlumatlar da iclas iştirakçılarının nəzərinə çatdırılıb. GPPC layihəsində yeniləmələr, prosesin xüsusiyyətləri, GN5-1 layihəsinin hazırlanmasının təfərrüatlı qrafiki, əsas idarəetmə qərarları təqdim edilib.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev GEANT və onun üzvləri arasında rəsmi müqavilənin bağlanması təklifi ilə çıxış edib. Bildirilib ki, yaxın zamanda bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur.

Onlayn tədbirin sonunda Baş Assambleyanın 2022-ci ildə keçiriləcək iclaslarının tarixi və məkanı barədə məlumat verilib.

Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı iki dəfə görüşürlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.