Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin intellektual monitorinqinə dair yanaşmalar araşdırılıb

11 Noyabr 2021 - 12:22 | Konfranslar, İclaslar
Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin intellektual monitorinqinə dair yanaşmalar araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin elmi-tədqiqat işi NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda təqdim olunub.

“Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin intellektual monitorinqinə bəzi yanaşmalar haqqında” məruzəyə dair çıxış edən R.Şıxəliyev bildirib ki, müasir sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsas mühafizə vasitələrindən istifadə edilə bilər. Bu vasitələr məlum hücumlardan mühafizəni təmin edir və aşağı riskli sistemlər üçün qənaətbəxşdir.

“Sənaye idarəetmə sistemlərinin tələb olunan təhlükəsizlik səviyyəsi daimi monitorinq vasitəsilə təmin edilə bilər. Lakin monitorinq verilənlərinin həcminin artması ilə sənaye idarəetmə sistemlərinin resurslarının istifadəsi artır, eləcə də verilənlərin analizi çətinləşir. Buna görə də, sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin monitorinqinin intellektuallaşdırılması olduqca vacibdir”, – deyə məruzəçi qeyd edib.

O, elmi-tədqiqat işində məhz sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin monitorinqinin intellektuallaşdırılması yanaşmalarının öyrənildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.