AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın elmi-tədqiqat işi NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda təqdim olunub.
“Sənaye 4.0 çağırışlarının demoqrafik proseslərə təsirinin təhlili və tədqiqi” adlı məruzəyə dair çıxış edən G.Nəbibəyova demoqrafiya sahəsində araşdırmaların aparılması üçün elektron demoqrafik qərarların qəbulunu dəstəkləyən sistemin (QQDS) işlənildiyini bildirib. Qeyd edib ki, Dördüncü Sənaye İnqilabının çağırışlarının demoqrafik proseslərə təsirinin təhlili və tədqiqi üçün Sənaye 4.0-ın xüsusiyyətləri araşdırılmış, onun demoqrafik proseslərə ciddi təsir etdiyi müəyyənləşdirilmişdir. Bu təsir təbiidir, demoqrafik proseslərdə dəyişikliklər qaçılmaz və qanunauyğundur.
“Tədqiqat işində, həmçinin Sənaye 4.0 kontekstində təcavüzkarlar tərəfindən e-demoqrafik QQDS-in verilənlərinin təhlükəsizliyinə təhdid ehtimalı araşdırılmışdır. Məlum olmuşdur ki, e-demoqrafik QQDS-in verilənlər anbarında olan verilənlərin zədələnməsi, dəyişdirilməsi və ya məhv edilməsi OLAP-kubların təqdim etdiyi təhrif edilmiş hesabatların verilməsinə səbəb olacaq. Aydındır ki, bu, demoqrafiya sahəsində qərar qəbul edən şəxslər tərəfindən həmin verilənlərin analizi zamanı mənfi nəticələrə gətirib çıxaracaq. Yanlış verilənlər əsasında qərarların qəbul edilməsi bölgədəki demoqrafik proseslərə ciddi təsir göstərə bilər. Beləliklə, e-demoqrafik sistemin verilənlərinin kibertəhdidlərdən qorunması zərurəti yaranır”, – deyə məruzəçi bildirib.
G.Nəbibəyovanın sözlərinə görə, tədqiqat işində kiberhücumların əsas formaları nəzərdən keçirilmişdir. Sənaye 4.0 dövründə proqnozlaşdırılması çətin olan və ən son texnologiyaların tətbiqinin nəticəsi kimi yeni potensial kiberhücum növlərinin də ortaya çıxdığı qeyd olunmuşdur. Bu texnologiyaların istifadəsilə e-demoqrafik QQDS-in verilənlərinin qorunması və ya risklərin minimuma endirilməsi üçün görüləcək tədbirlər müəyyənləşdirilmişdir.
O, həçminin qeyd edib ki, e-demoqrafik QQDS-in təhlükəsizliyinin təmin edilməsi analitiklərə insan resurslarının proqnozlaşdırılması, planlaşdırılması, gələcək iqtisadi və sosial inkişafın strateji istiqamətlərinin müəyyən edilməsi, əmək qabiliyyətli əhalinin sayının artırılması və keyfiyyətinin yüksəldilməsi kimi vacib məsələləri düzgün həll etməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.