İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayeva impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb

06 Sentyabr 2021 - 15:50 | Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə İngiltərənin “Computers in Biology and Medicine” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

“Clarivate Analytics” (əvvəlki adı Thomson Reuters) siyahısına daxil olan bu jurnalda kompüterlərin biologiya və tibb elmləri sahəsinə tətbiqinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur. “Computers in Biology and Medicine” jurnalının əsas elmi istiqamətlərinə biotibbi sistemlərin analizi və tənliklərin həlli, biotibbi sistemlərin sintezi, tibbi verilənlərin emalı metodlarının işlənməsi, xüsusi təyinatlı kompüterlər və klinik məlumatların real zamanda emalı, tibbi diaqnoz və tibbi yazıların emalı, biotibb mühəndisliyi, tibbi informatika və bioinformatika, internetin tibbi tətbiqləri, insan genomikası, proteinlərin öyrənilməsi, insan beyninin fəaliyyətinin funksional tədqiqi daxildir.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1) Impact Factor: 4.589

2) SJR: 0.884      

3) CiteScore: 7.3