Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Azərbaycanda radiasiya təhlükəsizliyi: müasir çağırışlar, mövcud elmi-texniki potensial və onun artırılması yolları” mövzusunda elmi məruzəsi dinlənilib.
Alim vurğulayıb ki, XX əsrin ortalarından başlayaraq dünyada Atom energetikasının və radiasiya texnologiyalarının sürətli inkişafı və praktikada geniş istifadə olunması son nəticədə əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsini bəşəriyyət üçün prioritet problemlərdən birinə çevirib. Bu fəaliyyət sahəsi fizika, kimya, biologiya, ekologiya, riyaziyyat, təbabət, qida təhlükəsizliyi kimi çoxsaylı elmi istiqamətlərin qovşağında yerləşən multidissiplinar bir sahədir. Problemin əsasında atom energetikasının və radiasiya texnologiyalarının sürətli inkişafı fonunda insan sağlamlığının və ətraf mühitin ionlaşdırıcı şüalanmanın təsirindən mühafizə etmək kimi mürəkkəb və çoxsahəli məsələnin həlli dayanır.
İslam Mustafayev, həmçinin radiasiya təhlük əsizliyi sahəsində Birləşmiş Millətlər Təşkilatının çoxillik təcrübəsindən söhbət açıb. Bildirib ki, BMT radiasiya təhlükəsizliyi sahəsində öz siyasətini, elmi-praktiki fəaliyyətini, beynəlxalq əməkdaşlığını iki qurumunun – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və radiasiyanın təsirinin öyrənilməsi üzrə Elmi Komitəsinin simasında həyata keçirir.
Qeyd edək ki, AEBA dünyanın nüvə texnologiyası və nüvə enerjisindən səmərəli istifadəsində elmi və texniki əməkdaşlıq üçün hökumətlərarası forum kimi çıxış edir. Onun qəbul etdiyi proqramlar nüvə enerjisinin, elm və texnologiyanın sülh yolu ilə tətbiq olunmasını, habelə nüvə təhlükəsizliyi, radiasiya mühafizəsi standartlarını və onların həyata keçirilməsini təşviq edir.
RPİ-nin baş direktoru nüvə texnologiyası, nüvə qaçaqmalçılığı, hərbi əməliyyatlar, habelə beynəlxalq və regional terror təşkilatlarının fəaliyyəti fonunda qlobal radiasiya təhlükəsizliyi məsələlərini şərh edib.
Avropa İttifaqının adıçəkilən məsələ ilə bağlı apardığı siyasətdən danışan məruzəçi vurğulayıb ki, radiasiya təhlükəsizliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış Fəaliyyət Planında prioritet istiqamətlərdən biri kimi yer tutur.
İslam Mustafayevin sözlərinə görə, Azərbaycan ərazisinin coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir hissəsini əhatə etməsi ikili təyinatlı nüvə materiallarının, o cümlədən radioaktiv maddələrin daşınması ehtimalını artırır və bu kimi hallar müşahidə olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Alim qeyd edib ki, son 20 ildə Azərbaycan tədqiqatçıları regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə daha ardıcıl və sistemli şəkildə yanaşıblar. Ölkə ərazisinin ayrı-ayrı sahələrində radiasiya fonu ölçülüb, “qaynar nöqtə”lərin müəyyənləşdirilməsi və məhv edilməsi işləri aparılıb, radioizotopların elmi-tədqiqatlarda və müalicə-sterilizasiya işlərində geniş tətbiqinə başlanılıb, transsərhəd çaylarda və gömrük-sərhəd məntəqələrində radiasiya monitorinqi cihazları quraşdırılıb.
AMEA-nın müxbir üzvü Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsinin müvafiq dövlət proqramlarında, mövcud qanunvericilik və normativ-hüquqi aktlarda təsbiti və onun institusional potensialı məsələlərinə toxunub. 2021-2025-ci illər üçün nəzərdə tutulmuş “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” mövzusu üzrə aparılacaq tədqiqatlardan danışıb.
Sonra RPİ-nin laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi, RPİ-nin və Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi Üzrə Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə – Şuşa şəhərində, Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarında aparılan radioloji və ekoloji monitorinq barədə məlumat verib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev erməni işğalçıları tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda regionun kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalmasından söz açıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən, “yaşıl cəmiyyət”in formalaşdırılması, innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.
Peşə Xəstəlikləri Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova çıxışında radiasiya təhlükəsizliyi nöqteyi-nəzərdən əhalinin sağlamlığının mühafizəsi, radiasiya gigiyenası məsələlərinə toxunub.
Onlayn iclasda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev ölkə ərazisində, sərhədyanı ərazilərdə ətraf mühitin radiasiya fonunun təyini üzrə aparılan gündəlik müşahidələrdən, əldə edilən məlumatların vizualizasiyası və aidiyyatı dövlət qurumlarına ötürülməsindən, həmçinin təmsil etdiyi xidmətin RPİ-nin alim və mütəxəssisləri ilə sıx əməkdaşlığından danışıb. AMEA-nın müxbir üzvü İslam Mustafayevin bu əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib, onun radiasiya təhlükəsizliyi sahəsində elmi fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi Üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov da çıxış edib. Bildirib ki, rəhbərlik etdiyi qurum ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilib. Onun sözlərinə görə, adıçəkilən Dövlət Agentliyi əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlətin siyasətini və nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Vüqar Hüseynov bildirib ki, bu qurum radiasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müvafiq dövlət orqanları, eyni zamanda AEBA, onun Beynəlxalq Hadisə və Qəza Mərkəzi, ABŞ Enerji Departamenti və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov, Çingiz Əliyev, Oqtay Səmədov və İsmayıl İsmayılov çıxış ediblər, maraqlı fikir mübadiləsi aparıblar.
İclasda radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidissiplinar tədqiqatların aparılması, yüksək səviyyəli kadr potensialının formalaşdırılması, ölkə miqyasında onlayn monitorinq sisteminin yaradılması, 2021-2025-ci elmi tədqiqat planlarına “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” multidissiplinar mövzusunun daxil edilməsi barədə təkliflər səsləndirilib.
Sonda FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Azərbaycanda radiasiya təhlükəsizliyi: müasir çağırışlar, mövcud elmi-texniki potensial və onun artırılması yolları” mövzusunda məruzəsinin müzakirə olunması üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasını qərara alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.