İnstitutun öz fəaliyyətini xaricdə davam etdirən əməkdaşları ilə onlayn görüş keçirildi

07 İyun 2021 - 12:44 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda vaxtilə çalışmış, hazırda öz fəaliyyətini xarici ölkələrdə davam etdirən gənc əməkdaşlarla onlayn görüş keçirildi.

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi elmi müəssisənin Gənc alim və mütəxəssislər şurasının təşəbbüsü ilə baş tutan görüşün əsas məqsədi həmin gənclərlə əlaqələr qurmaq, onların əldə etdikləri nailiyyətlərlə tanış olmaq və birgə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Sonra institutun öz fəaliyyətini xaricdə davam etdirən bir qrup əməkdaşı çıxış edərək təhsil aldıqları ali məktəb və çalışdıqları elmi mərkəzlər haqqında ətraflı məlumat verdilər.

Gənc tədqiqatçı Zaur Fətəliyev 2008-ci ildə Koreya Universitetində bakalavr, sonra isə magistr təhsili aldığını bildirdi. Magistr təhsili aldığı müddətdə İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsi ilə əməkdaşlıq etdiyini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevlə birlikdə bir neçə məqalə hazırladıqlarını nəzərə çatdırdı. Qeyd etdi ki, magistraturanı bitirdikdən sonra 2015-2019-cu illərdə “LG” şirkətində mühəndis kimi fəaliyyət göstərib.

Hazırda Kanadanın Vankuver şəhərində yaşayan Z.Fətəliyev 2020-ci ilin əvvəlindən “Amazon” şirkətində mühəndis vəzifəsində foto və videokameralar üzərində çalışdığını bildirdi. Tədbirə dəvət olunduğu üçün institut əməkdaşlarına təşəkkür etdi, gənclərə göstərdiyi diqqət və dəstəyə görə akademik Rasim Əliquliyevə minnətdarlığını bildirdi.

Sonra çıxış edən Cəmil Qurbanzadə 2016-2018-ci illərdə institutun 4 saylı şöbəsində texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun rəhbərliyi altında proqramçı-mühəndis vəzifəsində çalışdığını qeyd etdi. 2018-ci ildə Estoniya Respublikasının Tartu Universitetində magistr təhsili aldığını, artıq yaxın günlərdə dissertasiya mövzusunu müdafiə edərək məzun olacağını söylədi.

Özal Bağırov çıxış edərək, 2013-cü ildə 1 il müddətində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuduğunu, 2014-cü ildə AR Təhsil Nazirliyinin SABAH qrupları layihəsinə qoşulmaq üçün imtahan verərək qəbul olunduğunu və Azərbaycan Texniki Universitetinə köçürüldüyünü bildirdi. 2014-2017-ci illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və kompüter texnikası fakültəsində “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili aldığını, 2019-cu ildə İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsində dos. Rəşid Ələkbərovun rəhbərliyi altında işlədiyini bildirdi. Həmin il də Çinin Çendu şəhərində yerləşən “University of Science and Technology of China” təhsil müəssisəsinə təqaüdlə qəbul olunduğunu diqqətə çatdırdı. Yaxın zamanda dissertasiya mövzusunu müdafiə edəcəyini nəzərə çatdıran tədqiqatçı qeyd etdi ki, blokçeyn əsasında data məlumatlarının digər şəxslərə satılmaması üçün “smart contract”dan istifadə ilə bağlı elmi araşdırmalarını davam etdirir. Sentyabr ayından etibarən, eyni universitetdə doktorantura təhsilinə başlayacaq. Hazırda Azərbaycan Dövlət Məşğulluq agentliyində rəqəmsallaşdırma departamentində fəaliyyət göstərir.

“Çin Universitetinin təqaüdünü qazanmağımda İnformasiya Texnologiyaları İnstitutunda çalışmağımın böyük köməkliyi oldu. Elmi tədqiqatlar aparan gənclərin həqiqətən aparıcı alimlərin dəstəyinə böyük ehtiyacı var. Çünki bu, bizə həyatımızda və karyeramızda düzgün istiqaməti seçməkdə kömək edir. Gənc tədqiqatçılara daim dəstək göstərilməsi istiqamətində bu institut ən yaxşı nümunədir”, – deyə bildirən Ö.Bağırov akademik Rasim Əliquliyevə və bütün kollektivə dərin minnətdarlığını bildirdi.

Digər gənc tədqiqatçı Aytac Ağabəyli 2014-2016-cı illərdə İnformasiya Texnologiyaları İnstitutunda layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimovanın şöbəsində Big Data problemləri ilə bağlı elmi tədqiqatlar apardığını söylədi. Sonra Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN – the European Organization for Nuclear Research) təcrübə proqramına qoşulduğunu və burada Data-nın keyfiyyəti, maşın təliminin tətbiq olunması ilə bağlı elmi araşdırmalar apardığını qeyd etdi.

Daha sonra Azərbaycana qayıdan A.Ağabəyli Bakı Dövlət Universitetinin SABAH qruplarını bitirdiyini, 2017-ci ildə Estoniya Respublikasının Tartu Universitetində kompüter elmləri və Data Science istiqamətləri üzrə magistratura təhsili almaq üçün qəbul olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, diplom işini Almaniyanın Kaiserslautern şəhərində Fraunhofer İnstitutunda yazıb. Araşdırdığı mövzu proqram təminatının yazılması və işlənməsi zamanı yaranan problemlərin inteqrasiyası, onların bir-biri ilə bağlılığının araşdırılması olub: “2019-cu ildə Tartu Universitetini bitirmişəm, hazırda Tallin şəhərində “Nordea Bank”da Pulların yuyulmasına qarşı mübarizə departamentində data analist vəzifəsində çalışıram”.

Sonra çıxış edən Samir Fətəliyev 2009-2013-cü illərdə Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili aldığını bildirdi. Qeyd etdi ki, bu müddətdə 2011-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda 11 saylı şöbədə direktor müavini Şakir Mehdiyevin rəhbərliyi altında işləməyə başlayıb. 2013-cü ildə Qafqaz Universitetində “Kompüter mühəndisliyi” ixitsası üzrə magistratura təhsili alıb. Təhsilini başa çatdırdıqdan sonra Azərbaycanda bir neçə dövlət qurumunda çalışıb, daha sonra Polşaya köçərək, burada fəaliyyət göstərən “IBM” şirkətində “Kibertəhlükəsizlik” bölməsində çalışıb. 2021-ci ilin yanvar ayından İsveçrənin “Credit Suisse” bankında “təhdid ovçusu” (threat hunter) vəzifəsində işləməyə başlayıb.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantura təhsili aldığını nəzərə çatdıran S.Fətəliyev, institut tərəfindən göstərilən dəstəyə və dəvətə görə dərin minnətdarlığını bildirdi.

Gənc tədqiqatçı Təbriz Ətayi çıxış edərək 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr təhsili aldığını söylədi. Qeyd etdi ki, 2005-2007-ci illərdə İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsində fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun rəhbərliyi altında işləyib. 2007-ci ildə İstanbul Universitetinə magistr təhsili almaq üçün qəbul olub. Universiteti bitirdikdən sonra İstanbul şəhərində bir neçə il bəzi qurumlarda fəaliyyət göstrib. Daha sonra Azrbaycana qayıdaraq, bir neçə il burada çalışıb. 2016-cı ildən indiyədək Almaniyanın Bon şəhərində proqram mühəndisi vəzifəsində çalışır. Burada işin əsas mahiyyəti İnternetdə avtomobil bazarında baş verən yenilikləri avtomatik şəkildə tapıb, analiz edib, onun müştərilərə və böyük şirkətlərə təsirini proqnozlaşdırmaq və bu haqda məlumatları onlara çatdırmaqdır.

Sonra çıxış edən Aynurə Sadıqova 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsində “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili aldığını diqqətə çatdırdı. 2016-cı ildə İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsində akademik Rasim Əliquliyevin rəhbərliyi altında çalışdığını bildirdi. 2017-ci ildə Türkiyə bursu qazanaraq İstanbulda Sakarya Univeristetində “Mexatronika mühəndisliyi” ixtisası üzrə magistratura təhsili aldığını söylədi.

Bir neçə mövzuda elmi-tədqiqat aparan, bir sıra elmi məqalələrin müəllifi olan A.Sadıqova “Arduino” və “Liabio” proqramları ilə robot hazırladığını bildirdi. Qeyd etdi ki, robotun əsas xüsusiyyəti onu maus, səs, görüntü və ya jestlərlə hərəkət etdirməyin mümkün olmasıdır. O, maşın təlimi sahəsi üzrə bir neçə elmi araşdırma apardığını, mühəndis-proqramlaşdırıcı vəzifəsində çalışdığı qurumda maşın təlimi alqoritmləri ilə məlumatları analiz edərək gələcəyə dair proqnozlar verdiklərini dedi. İnformasiya Texnologiyaları İnstitutu tərəfindən gənc tədqiqatçılara daim dəstək göstərildiyini vurğulayaraq bunun üçün minnətdar olduğunu dilə gətirdi.

Gənc tədqiqatçı Gülnar Nəcəfova çıxış edərək, 2013-2019-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Kompüter elmləri” ixtisası üzrə bakalavr və magistr təhsili aldığını bildirdi. 2018-ci ilin fevral və iyul ayları ərzində İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsində akademik Rasim Əliquliyevin rəhbərliyi altında çalışdığını nəzərə çatdırdı. Sonra Azərbaycanda bir neçə şirkətdə işlədiyini və 2019-cu ildə İsveçrənin Lozanna şəhərində yerləşən EPFL Universitetinin təşkil etdiyi “Summer at EPFL” elmi-tədqiqat təcrübəsi proqramına təqaüd qazanaraq 3 ay orada çalışdığını söylədi. Qeyd etdi ki, orada “Data application theory” laboratoriyasında verilənlərin simulyasiya edilməsi ilə məşğul olub. Ötən ilin yay aylarında Avropa Nüvə Tədqiqatları Təşkilatına (CERN) qəbul olub və orada detektorlarda istifadə olunan FPGA çipləri üzərində maşın təlimi alqoritmlərinin rahat istifadə edilməsi üçün onların HLS dilinə çevrilməsi və test edilməsi layihəsi üzərində çalışıb. Aprel ayında bu mövzu ilə bağlı məqaləsi CERN-in rəsmi veb-saytında dərc olunub. 2019-cu ildə Amerikada təşkil olunan beynəlxalq konfransda iştirak edən G.Nəcəfova Data analitikası üzrə təcrübə proqramına qoşulacağını bildirdi.

O, İnformasiya Texnologiyaları İnstitutunda qısa müddət çalışmasına baxmayaraq, bu elmi qurumun onun elmi fəaliyyətlə məşğul olmasına təkan verdiyini vurğuladı. Göstərilən diqqət və dəstəyə görə institut rəhbərliyinə və bütün kollektivə təşəkkürünü bildirdi.

Sonra çıxış edən İlahə Cəbrayılova 2 ilə yaxındır ki, İspaniyanın Sevilya şəhərində yaşadığını bildirdi. O, Əndəlus universitetlərinə magistratura təhsili üçün müraciət etdiyini, İspan dilinin B2 səviyyə diplomunu əldə etsə də, burada “Jurnalistika” fakültəsinin Kommunikasiya bölməsinə sənəd verdiyi üçün Servantes Universitetinin “Dele” diplomunun tələb olunduğunu bildirdi.

Hazırda “Dele” diplomunu əldə etmək üçün imtahana hazırlaşdığını diqqətə çatdıran İ.Cəbrayılova İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsində və İctimaiyyətlə əlaqələr şöbəsində 7 il fəaliyyət göstərdiyini, bu elmi qurumun onun üçün ilk iş yeri kimi çox doğma olduğunu qeyd etdi. İnstitut rəhbərliyinə təcrübəsiz gəncləri işə qəbul etdiyinə, onlara daim dəstək göstərdiyinə görə dərin minnətdarlığını bildirdi.

Görüşdə, həmçinin, institutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova İtaliyada magistratura təhsilini davam etdirən Elxan Qasımlı, Türkiyədə təhsil alan və hazırda Berlində çalışan Nicat Nəsirov, Macarıstanda təhsil almış Türkay Hüseynov, Almaniyanın Frankfurt Universitetində magistratura təhsili almış İskəndər Vəlizadə, Avstraliyada magistr təhsili almış İqrar Hüseynov, Almaniyada çalışan Ariz Əliyev və vaxtilə institutda fəaliyyət göstərmiş digər əməkdaşlar haqqında məlumat verdi, növbəti seminarlarda onların da iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Daha sonra çıxışlar ətrafında müzakirələr aparıldı.

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov belə bir təşəbbüsün həyata keçirilməsini yüksək qiymətləndirdilər. Xarici ölkələrdə təhsil alan və çalışan gənclərin institutun müvafiq şöbələri ilə sıx əməkdaşlıq etmələrinin məqsədəuyğun olduğunu, bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduqlarını qeyd etdilər, həmçinin bir sıra təkliflər irəli sürdülər.

Sonda çıxış edən akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun intellektual Azərbaycan gəncinin formalaşmasında hər zaman maraqlı olduğunu vurğuladı, bu kimi görüşlərin mütəmadi olaraq təşkilinin məqsədəuyğun olduğunu bildirdi.

Akademik gənclərin fəaliyyətini yüksək qiymətləndirərək onlara daha fəal olmağı, Azərbaycan, eləcə də institut ilə münasibətləri və elmi əlaqələri inkişaf etdirməyi tövsiyə etdi, rəhbərlik etdiyi kollektiv adından hər birinə möhkəm can sağlığı və yeni nailiyyətlər arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.