“Ağıllı” şəhər konsepsiyası ilə bağlı müzakirələr aparıldı

12 Aprel 2021 - 13:18 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Ağıllı şəhər konsepsiyası: mövcud vəziyyəti, tətbiq sahələri və problemləri” mövzusunda məruzəsini təqdim etdi.

Öncə M.Həşimov BMT-nin 2016-cı ildə apardığı araşdırmaların nəticələrini diqqətə çatdırdı. Bildirdi ki, bu tətqiqatların nəticələrinə görə, dünya əhalisinin 54%-i şəhərlərdə məskunlaşıb. 2030-cu ilədək dünya əhalisinin 60%-i, 2050-ci ilədək isə 70%-nin müasir şəhərlərdə məskunlaşacağı proqnoz edilir.

O, qeyd etdi ki, şəhərlərin sürətlə böyüməsi şəhər mühitində yaşamaqla əlaqəli bir çox problemi – ictimai təhlükəsizlik, nəqliyyatın idarə olunması və s. kimi problemləri daha da ağırlaşdırır.

Məruzəçi urbanizasiyanın qarşısını almağın mümkün olmayacağını, bu vəziyyətdə yeganə çıxış yolunun “ağıllı” şəhərlər ola biləcəyini vurğuladı. Bildirdi ki, “ağıllı” şəhərin infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Bu sistemin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. “Ağıllı” şəhər dedikdə real vaxtda qərarlarını bildirən məlumatları toplamaq üçün informasiya kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edən şəhər ərazisi nəzərdə tutulur,” - deyə  o, əlavə etdi.

M.Həşimov “ağıllı” şəhərin infrastrukturuna fiziki, İKT və xidmət infrastruktrunun daxil olduğunu diqqətə çatdırdı: “Fiziki infrastruktur binalar, yollar, dəmir yolları, elektrik təchizatı xətləri və su təchizatı sistemi daxil olmaqla “ağıllı” şəhərin həqiqi fiziki və ya quruluşudur. İKT infrastrukturu “ağıllı” şəhərin əsas “ağıllı” komponentidir və bütün digər komponentləri mahiyyətcə bu şəhərin “sinir mərkəzi” rolunu oynayır. Xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunmasıdır”.

“Ağıllı” mobillikdən danışan məruzəçi qeyd etdi ki, bu anlayış ağıllı hərəkətliliyə nail olunmasına imkan verən şəhərsalma ilə əlaqədardır. “Ağıllı” mobillik dedikdə, iş birliyini və elektrik nəqliyyat vasitələrinin tətbiqini asanlaşdıran, məlumatlara daha asan girişi təmin edən inkişaf etmiş insan axını nəzərdə tutulur.

M.Həşimov “ağıllı” şəhərin digər tərkib hissəsinin “ağıllı” həyat olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, “ağıllı” həyat dedikdə keyfiyyətli səhiyyə, təhsil və təhlükəsizlik daxil olmaqla bütün vətəndaşlar üçün sağlam həyat tərzinin təmin edilməsi nəzərdə tutulur.

O, qeyd etdi ki, “ağıllı” şəhərin digər tərkib hissəsi ağıllı insanlar hesab edilir. Ağıllı insanlar dedikdə həyatın və karyeranın bütün mərhələlərində şəhər sakinlərinin səriştə və vərdişlərini davamlı olaraq inkişaf etdirərək keyfiyyətli insan kapitalının yetişdirilməsi nəzərdə tutulur.

Daha sonra məruzəçi “ağıllı” şəhərin komponentləri ilə bağlı məlumat verdi. Bu komponentlərə nəqliyyatın intellektual idarə edilməsi, “ağıllı” parkinq, ictimai nəqliyyatın idarə edilməsi, trafik qaydalarının pozulmasına video nəzarət, “ağıllı” işıqlandırma, “ağıllı” sayğac, suyun idarəedilməsi, “ağıllı” şəbəkə daxildir.

O, “ağıllı” şəhər və 5G texnologiyasından da bəhs etdi. Qeyd etdi ki, çox aşağı gecikmə (1 ms-dən az) və çox yüksək bant genişliyi (10 Gb / s) kimi inkişaf etmiş xüsusiyyətləri sayəsində “ağıllı” şəhərlər üçün 5G əsas istifadə hallarından biri olaraq ortaya çıxır. Buna görə də 5G, ağıllı trafik sistemləri, ictimai təhlükəsizlik və nəzarət kimi tətbiqetmələri dəstəkləyən, yeri və vaxtından asılı olmayaraq daha çox IoT cihazının İnternetə qoşulmasına imkan verən bir rabitə texnologiyası kimi qəbul edilə bilər.

Tədqiqatçı dünyada ilk dəfə “ağıllı” şəhər statusunu ABŞ-ın Kolorado ştatında yerləşən və əhalisi cəmi 100 min nəfər olan Boulder şəhərinin aldığını, şəhərdə yerləşən 50 minə yaxın binada effektiv və ekologiya baxımından zərərsiz cihazlardan, o cümlədən, günəş panellərindən, ağıllı işıqlandırma, havalandırma sistemlərindən istifadə edildiyini, şəhərdə elektrik və hibrid avtomobillərə üstünlük verildiyini diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, “İnternational Data Corporation” (IDC) tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə “ağıllı şəhər” mühitinin inkişafı üzrə təşəbbüslərə qlobal xərclər 2019-cu illə müqayisədə təxminən 19% artaraq 124 milyard dollara yaxınlaşıb.

M.Həşimov “ağıllı” şəhər konsepsiyasına nail olmaq yolunda bəzi problemlərin də qarşıya çıxdığını vurğuladı. Bildirdi ki, buraya maliyyə, infrastruktur və təhlükəsizlik problemləri aiddir.

O, Azərbaycanda “ağıllı” şəhər konsepsiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapdığını bildirdi.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.