AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2021-ci il üzrə fəaliyyət planı təqdim olundu.
Planı təqdim edən şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova cari il üzrə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.
Məruzəçi bildirdi ki, 2021-ci ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data analitikası problemləri” üzrə tədqiqatlar aparılacaq.
M.Hacırəhimova “Böyük verilənlərin analizi üçün metod və alqoritmlərin işlənilməsi”, “E-demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin klassifikasiyası üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda aparılacaq tədqiqatlardan bəhs etdi. O, mətn tipli böyük sosial media məlumatlarının sentiment analizi üçün dərin təlim modelinin işlənməsi, böyükölçülü kompüter şəbəkə axın verilənlərində anomaliyaların aşkarlanması üçün maşın təlimi metodlarının müqayisəli analizinin və data setlər üzərində eksperimentlərin aparılmasının planlaşdırıldığını diqqətə çatdırdı.
Şöbənin rəhbəri, həmçinin “Virtual məkanda Azərbaycan əlifbası ilə domen adları” sahəsindəki elmi-nəzəri problemlərin araşdırılması mövzusunda tədqiqatların aparılacağını söylədi.
M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif elmi-texniki ekspertiza işlərinin cari ildə də həyata keçiriləcəyini bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün fəaliyyət planı Elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.